Bu ölkədə yarasalardan insana keçən yeni virus aşkarlandı

04.02.2026

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Beynəlxalq tədqiqatçılar qrupu Banqladeşdə əvvəllər məlum olmayan, yarasalardan insana keçə bilən yeni virus aşkar edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, söhbət Nipah virusunun növbəti yayılmasından deyil, indiyədək gizli qalan Pteropine orthoreovirus (PRV) adlı patogendən gedir. Məlumata görə, virus artıq bir neçə insana yoluxub.

Kolumbiya Universitetinin Yoluxucu Xəstəliklər Mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin olaraq Nipah infeksiyasına bənzər simptomlarla xəstəxanaya yerləşdirilən pasiyentlər əslində PRV virusuna yoluxublar. PRV yarasalar üçün təbii virus hesab olunur, lakin indiyədək onun insana keçməsi qeydə alınmamışdı.

Xəstələr yüksək hərarət, baş ağrısı, qusma və tüpürcəyin artması şikayətləri ilə müraciət ediblər. Eyni zamanda sinir sisteminin zədələnməsinə işarə edən əlamətlər də müşahidə olunub. Laborator analizlər Nipah virusunu istisna etsə də, aparılan virus genomunun sekvenləşdirilməsi PRV-yə aktiv yoluxmanı təsdiqləyib.

Araşdırma zamanı məlum olub ki, yoluxan beş nəfərin hamısı yaxın vaxtlarda açıq havada toplanmış xam xurma palması şirəsini qəbul edib. Yarasalar da bu şirin şirə ilə qidalandığı üçün virusun şirənin yığıldığı qablar vasitəsilə insana keçdiyi ehtimal olunur. Qeyd edək ki, eyni yol daha əvvəl Nipah virusunun yayılmasında da əsas faktor olub.

Mütəxəssislərin fikrincə, PRV bəzi hallarda yüngül formada xəstəlik törədə bilər, lakin Nipah virusuna bənzər, kifayət qədər təhlükəli klinik gedişata malik variantlar da istisna edilmir.

Gülayə Mecid  
 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью