Bu ölkələr torpaqlarını itirmək təhlükəsi ilə üz üzədir Köç planları hazırlanır

24.09.2026

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qlobal istiləşmə nəticəsində dəniz səviyyəsinin yüksəlməsi Sakit və Hind okeanlarında yerləşən alçaq ada dövlətləri üçün ciddi təhlükə yaradır. Tuvalu, Kiribati, Marşal Adaları, Maldiv adaları və Vanuatu ərazilərinin bir hissəsinin su altında qalması riskinə qarşı müxtəlif köçürmə və uyğunlaşma planları hazırlayır.

Ölkələr vətəndaşlarının gələcəyini təmin etmək üçün rəsmi miqrasiya razılaşmalarından başqa ölkələrdə torpaq almağa və daha təhlükəsiz ərazilər yaratmağa qədər müxtəlif addımlar atırlar.

Tuvalu Avstraliyaya miqrasiya yolu açıb

Sakit okeanda yerləşən Tuvalu dəniz səviyyəsindən orta hesabla təxminən 2 metr yüksəklikdə yerləşir. Ölkə əhalisinin gələcəyini təmin etmək məqsədilə Avstraliya ilə “Falepili Sazişi” imzalayıb.

Sazişə əsasən, Tuvalu vətəndaşlarına Avstraliyada daimi yaşamaq və işləmək hüququ verilir. Bu mexanizm iqlim dəyişikliyinin yaşayış ərazilərinə təhlükəni artıracağı təqdirdə əhalinin tədricən Avstraliyaya köçməsinə imkan yaradır.

Kiribati başqa ölkədə torpaq alıb

33 mərcan adasından ibarət Kiribatidə dəniz səviyyəsinin yüksəlməsi, şirin su ehtiyatlarının duzlaşması və sahil eroziyası əsas narahatlıq doğuran məsələlərdəndir.

Mümkün kütləvi köçürməyə hazırlaşan hökumət gələcəkdə əhalinin yerləşdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə Fici ərazisindəki Vanua Levu adasında təxminən 20 kvadrat kilometr torpaq sahəsi satın alıb.

Marşal Adaları ABŞ-a köç imkanından istifadə edir

Orta hündürlüyü 2 metrdən aşağı olan Marşal Adaları da dəniz səviyyəsinin yüksəlməsi təhlükəsi ilə üzləşir. Xüsusilə sahilyanı yaşayış məntəqələri bu dəyişikliklərdən birbaşa təsirlənir.

ABŞ ilə Azad İttifaq Sazişi (COFA) çərçivəsində Marşal Adaları vətəndaşlarına vizasız yaşamaq hüququ verilməsi əhalinin bir hissəsinin zamanla ABŞ-da məskunlaşmasına imkan yaradır.

Maldiv adaları süni adalarda çıxış yolu axtarır

Dünyanın ən aşağı orta hündürlüyə malik ölkələrindən biri olan Maldiv adaları təhlükəsiz ərazilərin yaradılması üçün mühəndislik layihələrinə üstünlük verir.

Əhalinin daha təhlükəsiz ərazilərdə yerləşdirilməsi məqsədilə dəniz səviyyəsindən daha yüksəkdə inşa edilən Hulhumale kimi süni adalar inkişaf etdirilir.

Maldiv adaları uzunmüddətli perspektivdə digər ölkələrdən torpaq almaq ehtimalını da nəzərdən keçirir və bu məqsədlə milli fond daxilində resurslar toplamağa çalışır.

Vanuatu ölkə daxilində köç planlaşdırır

Sakit okeanda yerləşən Vanuatuda isə həll yolu ölkə sərhədləri daxilində axtarılır.

Dəniz səviyyəsinin yüksəlməsi və sahilyanı ərazilərdə yaşayışı çətinləşdirən tayfunların güclənməsi fonunda bəzi kəndlərin adaların daha yüksək hissələrinə köçürülməsi nəzərdə tutulur. Bu məqsədlə ölkədə daxili evakuasiya və köçürmə proqramları həyata keçirilir.

Beləliklə, beş ada dövləti iqlim dəyişikliyinin uzunmüddətli təsirlərinə fərqli yollarla hazırlaşır. Dəniz səviyyəsinin yüksəlməsi bu ölkələr üçün təkcə ekoloji problem deyil, həm də əhalinin köçürülməsi, məskunlaşma və dövlətlərin gələcəyi ilə bağlı yeni məsələlər ortaya çıxarır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью