Icma.az, Azpost saytına istinadən bildirir.
Kuba hökuməti ABŞ prezidenti Donald Trampın yenidən hakimiyyətə qayıdandan sonra adaya qarşı sərtləşdirilən siyasətini kəskin tənqid edib. Baş nazir Manuel Marrero Krus bildirib ki, Vaşinqtonun son qərarları Kubanın iqtisadi həyatını məqsədli şəkildə zəiflətməyə yönəlib.
Krus bu fikirləri Avrasiya Hökumətlərarası Şuranın genişləndirilmiş iclasında səsləndirib. Onun sözlərinə görə, Tramp administrasiyası ikinci müddətinə başladıqdan dərhal sonra Kubaya qarşı yeni məhdudiyyətlər tətbiq edib və bu addımlar ölkənin əsas gəlir mənbələrinə, ticarət imkanlarına və xüsusilə də yanacaq təchizatına ciddi təsir göstərir.
Kuba rəsmisi bildirib ki, “iqtisadi boğma” adlandırılan bu xətt adanın sosial və enerji sabitliyini hədəfə alır. O, ABŞ-ın tətbiq etdiyi sanksiyaların qeyri-insani mahiyyət daşıdığını və beynəlxalq normalarla uzlaşmadığını vurğulayıb.
Bununla belə, Krus qeyd edib ki, Kuba hökuməti bütün çətinliklərə baxmayaraq, öz inkişaf strategiyasına sadiqdir və iqtisadi planlarını davam etdirir. O, həmçinin EAEU-yə üzv ölkələrin və müşahidəçilərin Kubanın “terrorçuluğu dəstəkləyən dövlətlər” siyahısına salınmasına qarşı səsləndirdikləri mövqeyə görə təşəkkür edib.
Krusun sözlərinə görə, Kuba beynəlxalq tərəfdaşların bu həmrəyliyini yüksək qiymətləndirir və bunun Vaşinqtonun “əsassız ittihamlarına” cavab olaraq mühüm siyasi mesaj olduğunu hesab edir.
Paylaş