Icma.az, Kulis.az portalına istinadən məlumat yayır. Kulis.az Cavanşir Yusiflinin "Hər şeyi unutmaq..." adlı yeni yazısını təqdim edir.
Yazı üçün yaddaş, həm də ömürboyu damcı-damcı yığılan yaddaş əsas olsa da, proses (yazı prosesi) bir qayda olaraq "avtomatik" yola düşür.
Yəni yaddaş heç nəyi "yazmır", sadəcə, sənə bircə dəfə nəyinsə doğru, yaxud yalan və ya bəsit olduğunu pıçıldayır, sənə azca, bəlkə iynə ucu boyda təkan verməklə böyük bir işin içinə sürükləyir.
Yalnız yazı prosesində insan, yazar üstünə ağır yük kimi düşən yaddaşdan xilas olur, onun zərif, yüngül (soft) təkanıyla bu dünyadan ayrılır, yəni başqa sözlə, yazmaq əslində bir növ zikrdir, belə olduğu üçün də hər yazılan bədii mətn deyil, hər bədii mətn də yaddaşın ilmələndirdiyi bir dünya ola bilməz.
Bəzən tarixdə ən zəif, ən ümidsiz nəsnələr qalır, ən gözəl və qənirsiz şeylər tarixin, ədəbiyyatın divarlarından ovulub düşür, toz olub uçur, gedir...
Demək, burada istedaddan da vacib başqa bir mətləb var: ona layiq olmaq, yazdığını içində günəş kimi doğan gerçəklikdən xilas etmək bacarığı...
Bu olmayanda indi bəzi gənc yazarlar kimi sadəcə, fərqlənmək eşqi, fərqlənmək naminə həm də.
Bu da fəna deyil, ən azından yolu gedib-qayıtmaq və daha fərqli nəsnələr axtarmaq var.