“Bu oyundan əvvəl eşitmişdim ki, Sabah bizə üç qol vuracaq” Kaxaber Sxadadze

04.02.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Bizon Azərbaycan kubokunun 1/4 mərhələsinin ilk oyununda “Qəbələ” səfərdə “Sabah”la heç-heçə etdi - 0:0. “Qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Sxadadze oyundan sonra jurnalistlər önünə çıxdı.
- Çox çətin oyun oldu. Düşünürəm ki, azarkeşlər zövq ala bildilər. Sürətli oyunun şahidi olduq. Rəqibi yaxşı təhlil etmişdik. Futbolçularımız yaxşı təsir bağışladılar. Göstərdilər ki, çempionatın liderinə qarşı yaxşı oyun nümayiş etdirmək olar. Penaltidən fərqlənə bilmədik. "Sabah" çox güclü komandadı. Heyətində yaxşı futbolçular var.
- Bu il üç oyun keçirmisiz, məğlub olmamısız, 2 oyunda qol buraxmamısız. Fasilədə nə dəyişdi?
- İlk növbədə onu deyim ki, bizdə transferlər oldu, heyəti gücləndirdik. Səhvlərimiz üzərində çox işlədik. Müdafidə çoxlu səhv buraxırdıq, bunların üzərində işlədik. Bu oyundan əvvəl eşitmişdim ki, "Sabah" bizə üç qol vuracaq, bunu da bizə hörmətsizlik kimi qəbul edirəm. Rəqibə hörmətlə yanaşmalısan, həmçinin özünə. Rza uzun müddət idi oynamırdı. Bu gün isə yaxşı çıxışla yadda qaldı. Həmçinin yeni transferlərdən Turan Manafovu da təbrik edirəm. İlk oyununa çıxdı bu gün. Transfer danışıqları gedir. Komandaya daha bir oyunçu cəlb etmək istəyirik.
- Nəzərə alsaq ki, komandanın hədəfi elitada qalmaqdı, kubok oyununa belə köklənmək, əsas heyətlə meydana çıxmaq premyer-liqada mənfi mənada təsirini göstərməz ki?
- Razıyam, düz deyirsən (gülür). Həqiqətən də əsas məqsədimiz elitada qalmaqdı. Gücümüz çatacaq, ya yox... "Neftçi" ilə oyuna qədər 6 gün vaxtımız var. Bundan başqa, təxirə salınmış oyunumuz var. Hazırda kubok oyunu barədə fikirləşmirəm. Mənim üçün ən vacibi qarşıdan gələn "Neftçi" ilə oyundu.
MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью