Bu payız fərqli olacaq Proseslər gözlənildiyi kimi getmir

26.08.2026

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yay mövsümünün başa çatmasına az vaxt qalır. Son illərdə iqlim dəyişiklikləri fonunda havanın temperaturunda və yağıntı rejimində müşahidə olunan fərqlər qarşıdakı payızla bağlı da müəyyən suallar yaradır. Xüsusilə yay aylarında anomal istilərin və hava şəraitində kəskin dəyişikliklərin müşahidə olunması payızın necə keçəcəyi ilə bağlı marağı artırır. 
Qarşıdakı payız aylarında Azərbaycanda hansı hava və ekoloji proseslər gözlənilir? Payızın əvvəlində havaların əvvəlki illərlə müqayisədə daha isti keçməsi mümkündürmü?
Ekoloq Qorxmaz İbrahimli Demokrat.az-a söyləyib ki, iqlim dəyişikliklərini biz son illərdə daha çox dərk etməyə başlamışıq:
“Yağıntılı və ya quraq hava müşahidə edəndə dərhal həyəcanlanırıq, insanları da narahat edirik. Halbuki, iqlim dəyişiklikləri milyon illərdir davam edir. İnsanlar isə buna sadəcə biganə idilər. Çevrəçilərin təzyiqi, müraciətləri və apardıqları mübarizə nəticəsində dünyanın bir çox aparıcı dövlətləri də sonda bunu qəbul etdi və iqlim dəyişikliklərinin qaçılmaz olduğunu bildirdi. Yəni bunun qarşısını tamamilə almaq mümkün deyil. İqlim dəyişiklikləri ilk növbədə havanın temperaturunun artmasında özünü göstərib. Bununla da qütblərdə havalar isinməyə başlayıb, buzlaqlar əriyib. Qrenlandiyada, Arktikada, Antarktidada buzlaqların yavaş-yavaş əriməyə başlaması hamını, o cümlədən ada dövlətlərini və okeanlardakı adaların sakinlərini narahat etməyə başlayıb. Bu, birinci hal deyil”.
Ekoloq qeyd edib ki, son dövrlər El-Ninyo, La-Ninya cərəyanları haqqında danışılır:
“Bunlar da əvvəllər mövcud idi, sadəcə insanlar buna əhəmiyyət vermirdilər. İndi isə iqlim dəyişiklikləri ilə bağlı bir çox məsələ diqqətimizi daha çox cəlb edir. Havaların gözlə görünəcək dərəcədə isinməsi, məsələn, bizim üçün Xəzərin səviyyəsinin aşağı enməsi və digər proseslər bizi qorxutmağa başlayıb. Bu baxımdan insanların diqqətli olması, ətraf mühitə həssas yanaşması yaxşı olardı. Bu yay da, qışdan deyirdilər ki, yay çox isti keçəcək. Biz bir neçə aylıq proqnoz verməsək də, havanın seyrinə baxaraq yaxın müddətdə havaların necə olacağını deyəndə buna inanmırdılar. Yayımız isə çox da isti keçmədi. Ayrı-ayrı günləri, anomal istilərin olduğu bəzi dövrləri nəzərə almasaq, yay o qədər də isti olmadı. Anomal dediyimiz temperatur da, məsələn, Bakıda və Abşeron yarımadasında heç 40 dərəcənin üzərinə qalxmadı. Bu da gözlənilmirdi. Artıq payıza gedirik. Havanın temperaturunun yavaş-yavaş aşağı düşməsinə, payıza keçidə şahidlik edəcəyik. Hər nə qədər isti olsa da, payızda və qışa doğru 40, 41 və yaxud 45 dərəcə kimi, bəzilərinin həyəcanla dediyi 40 dərəcədən yuxarı istilər hər zaman davam etməyəcək. Günəşin düşmə bucağı, günəş şüalarının bizə düşmə bucağı mülayim subtropik qurşaqda dəyişir. Burada ayrı-ayrı quraq və rütubətli günləri nəzərə almasaq, payızda şiddətli istilərə şahid olacağımızı düşünmürəm. Quraqlıq ola bilər, bu, qaçılmazdır. Amma quraqlığa da az ehtimal verirəm. Hesab edirəm ki, payız gəldikcə yavaş-yavaş yağıntılara da şahidlik edəcəyik. Yetər ki, özümüz ətraf mühiti qoruyaq, təbiətə diqqətlə yanaşaq və onu sağlamlaşdırmağa çalışaq. Amma ümumi iqlim dəyişikliyinin qarşısını almaq mümkün deyil. Bu payız fəslində də yenə şahid olacağıq ki, bizim arzuladığımız payız deyil, bir qədər fərqli, dəyişkən payızlar olur”.
Fidan Hacızadə
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью