Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Alimlər ketogen pəhrizin alkoqolun qaraciyərdə parçalanmasını ləngitdiyini və eyni zamanda spirtli içkilərə olan meyli azaltdığını müəyyən ediblər.
Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Neuropsychopharmacology" jurnalında dərc olunub.
Təcrübələr alkoqol asılılığı olan siçovullar üzərində aparılıb. Heyvanların bir qrupu səkkiz həftə ərzində kalorilərin 93 faizinin yağlardan əldə edildiyi ketogen pəhrizlə, digər qrupu isə 13 faiz yağ tərkibli adi qida ilə bəslənib.
Məlum olub ki, ketogen pəhriz tətbiq edilən heyvanlarda alkoqolun parçalanmasında iştirak edən ADH1 fermentinin səviyyəsi aşağı düşüb. Nəticədə alkoqol qanda daha uzun müddət qalıb.
Araşdırma zamanı ketogen pəhrizdə olan erkək siçovulların alkoqol qəbul etmək istəyi azalıb və onlar bədən çəkilərinə nisbətdə daha az spirtli içki qəbul ediblər. Dişi heyvanlarda isə eyni təsir müşahidə olunmayıb. Tədqiqat müəllifləri bunun orqanizmin metabolik dəyişikliklərə reaksiyasının cinsdən asılı ola biləcəyini göstərdiyini bildiriblər.
Beyin görüntüləmələri ketogen pəhrizdə olan heyvanların neyronlarının daha az qlükoza qəbul etdiyini və enerji mənbəyi kimi keton cisimlərindən istifadə etməyə keçdiyini də ortaya qoyub.
NURİYYƏ