Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dünyanın bir sıra regionlarında davam edən münaqişələr, enerji bazarındakı qeyri-müəyyənlik, nəqliyyat marşrutlarının yenidən formalaşması və dövlətlərin enerji təhlükəsizliyinə artan diqqəti beynəlxalq münasibətlər sistemində yeni reallıqlar yaradıb. Belə mürəkkəb şəraitdə Azərbaycan yalnız regional deyil, həm də qlobal miqyasda etibarlı tərəfdaş və məsuliyyətli aktor kimi öz mövqeyini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik xarici siyasət və uzunmüddətli enerji strategiyası ölkəmizin yeni iqtisadi-siyasi nizamda rolunu əhəmiyyətli dərəcədə artırır.
Axar.az xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanın enerji diplomatiyası, nəqliyyat-logistika imkanları və çoxtərəfli əməkdaşlıq təşəbbüsləri beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir:
“Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rol, Rusiya–Ukrayna müharibəsinin davam etməsi, Yaxın Şərqdə gərginliyin artması və qlobal enerji bazarındakı risklər fonunda ölkənin sabit, etibarlı və uzunmüddətli enerji təchizatçısı kimi öz öhdəliklərini uğurla yerinə yetirməsi beynəlxalq nüfuzumuzu artırmaqla yanaşı, enerji təhlükəsizliyində rolumuzu da gücləndirir. Bütün bunlar göstərir ki, Azərbaycan yeni dünya nizamında yalnız enerji resursları ixrac edən dövlət deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında fəal iştirak edən, strateji qərarlar qəbul edən və qlobal iqtisadi proseslərə təsir göstərən mühüm oyunçulardan biridir. Deputat bildirib ki, Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı enerji resursları ilə zəngin olan Azərbaycanın bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrildiyini bəyan edib: "Çünki enerji təhlükəsizliyi - bu, hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim rolumuz daha da artacaq".
Millət vəkilinin fikrincə, bu prioritet Azərbaycan üçün olduqca vacibdir:
“Çünki qlobal enerji təhlükəsizliyinin təminatında yüksək rol oynamaq ölkəmiz üçün paralel olaraq siyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Siyasət və iqtisadiyyatın bir-birinə bağlı amillər olduğunu nəzərə alsaq, Bakının beynəlxalq enerji dialoqunun inkişafında oynadığı rol vacib perspektivlər vəd edir.
Bu mərhələ isə yalnız ənənəvi enerji resurslarından ibarət olmayacaq. Bakı bu gün uğurla özünün yaşıl gündəliyini qlobal mühitə təqdim edir. Həm bərpaolunan enerji, həm də elektrik enerjisinin ixracı məsələsi artıq gündəmin aparıcı mövzularındandır. Enerji tərəfdaşlığının aparıcı xətti bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığını genişləndirilməsi və Azərbaycanın “yaşıl potensialı”nın dünya bazarına tədarükü, Qara dəniz sualtı kabeli layihəsinin qlobal bağlantıya çevrilməsinin başa çatdırılması ilə bağlıdır.
"Uğurlu iqtisadi inkişaf, səmərəli enerji dialoqu, fasiləsiz və kəsintiz qlobal bağlantılar yalnız və yalnız təhlükəsizlik mühitində mövcud ola bilər. Qlobal mühitdə təhlükəsizliyə qarşı yaranan təhdidlər isə günü-gündən artmaqdadır. Dünya son illərdə geosiyasi ziddiyyətlərin daha da kəskinləşdiyi, yeni hərbi-siyasi gündəmlərin ortaya çıxdığı, beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı bir mərhələdən keçir. Müharibələr, terrorizm, hibrid təhdidlər və kiber hücumlar beynəlxalq təhlükəsizliyi zəiflədən amillər kimi ön plana çıxır. Belə bir mühitdə təhlükəsizlik sisteminin qorunub saxlanılması, yeni çağırışlara adekvat mexanizmlərin formalaşdırılması və qlobal həmrəyliyin təmin olunması bəşəriyyətin qarşısında duran əsas vəzifələrdən biridir" - deyən, Samir Vəliyev əlavə edib ki, Azərbaycan hər zaman dünyaya sülh və təhlükəsizlik çağırışları edir. Hətta 30 illik işğala məruz qaldığı dövrdə belə ölkəmiz regionun təhlükəsizlik arxitekturasına zərər gətirən bu hərbi təcavüzü sülh yolu ilə aradan qaldırmağa çalışıb. Bu mənada, Azərbaycan dünyaya ədalətli, beynəlxalq hüquqa söykənən, humanist, antoqonizmi inkar edilməsini hədəfləyən, daha çox danışıqlar və müzakirələr yolu ilə həll planlarının müəyyənləşdirilməsini özündə ehtiva edən siyasi yanaşma təqdim edir. Azərbaycan həm sivilizasiyalar, həm siyasi qütblər, həm də iqtisadi güc mərkəzləri arasında dialoqun mümkün olduğunu təlqin edir. Rəsmi Bakının son 6 ildə yaratdığı siyasi mənzərə özündə mühüm komplonentləri birləşdirir - regional baxımdan Cənubi Qafqazda, ümumən geosiyasi baxımdan Avrasiyada yeni bir nizamın şərtləri və gündəmi müəyyənləşib”.
"Ölkəmiz təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiya məkanında sülhün və sabitliyin təmin olunmasına töhfə verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya, beynəlxalq tərəfdaşlıq platformaları və təhlükəsizlik təşəbbüsləri Azərbaycanın bu sahədə etibarlı tərəfdaş kimi qəbul olunmasına şərait yaradıb. Azərbaycanın həyata keçirdiyi siyasətin yalnız regional deyil, qlobal təhlükəsizlik indeksinin artırılmasına yönəlməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzunu və strateji əhəmiyyətini təsdiqləyir. Bakı platforması beynəlxalq miqyasda sülhün qorunması, risklərin azaldılması və gələcək təhlükəsizlik modelinin formalaşdırılması baxımından strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uzunmüddətli inkişaf strategiyası Azərbaycanın milli maraqlarını qlobal çağırışlarla uzlaşdıraraq yeni əməkdaşlıq imkanları yaradır. Mövcud reallıqlar təsdiqləyir ki, Azərbaycan yeni dünya nizamında sabitlik, etibarlılıq və davamlı inkişafın aparıcı mərkəzlərindən biri kimi öz mövqeyini ardıcıl şəkildə gücləndirir" - deyə, deputat vurğulayıb.