futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Şahdağ Qusar” I Liqanın VI turunda “Səbail”ə qalib gəlib – 1:0. Bölgə təmsilçisi bununla da xallarını 15-ə çatdırıb və birinci pillədəki mövqeyini qoruyub. “Səbail” isə 11 xalla 3-cü pillədədir.
“Şahdağ Qusar”ın baş məşqçisi Füzuli Məmmədov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Ən yaxın izləyicilərinizdən birinə qalib gəldiniz. Görüşü şərh edərdiniz.
– “Səbail”i yaxından izləyirdim. Bununla bərabər, necə oynayacağımızı da həftələr ərzində komandaya tətbiq edirdik. Son məğlubiyyət komandaya psixoloji təsir etmişdi. Çalışırdıq ki, bu gərginlikdən çıxaq. Futbolçularıma təşəkkür edirəm, meydanda fədakarlıq göstərdilər. Heyətimizdəki oyunçuların böyük əksəriyyəti Premyer Liqa təcrübəsinə sahibdirlər. Rəhbərlik də daim yanımızdadır, istədiyimiz tələbləri yerinə yetirir, bizə dəstək olur.
Yenidən oyuna gəlincə, bilirdik ki, bu görüşdə birə-bir mübarizələr olacaq. Futbolçularım çox səy göstərdi, müdafiədə rəqibə fürsət vermədilər. Bizim isə əlavə şanslar yaratmaq şansımız oldu, bəlkə də hesab fərqli ola bilərdi. Azarkeşlərimizi də qeyd etməliyəm, uzun yoldan gəlib dəstək oldular. Bu, psixoloji cəhətdən bizə üstünlük verdi.
– Ötən turda gözlənilmədən “Xankəndi”yə uduzmuşdunuz. Bu nəticədən sonra komandanı oyuna kökləmək çətin olmadı?
– Komandanı oyuna kökləmək çətin idi. Məşqçilər heyəti olaraq çalışdıq ki, məğlubiyyəti unutduraq. Bəzi futbolçularımızın kifayət qədər təcrübəsi var. Onların da köməyini qeyd etmək lazımdır. Bildirim ki, bir futbolçumuz da ağrıları olmağına baxmayaraq, meydana çıxdı, əlindən gələni etdi.
– Turnir cədvəlində “beşlik”də yer alan komandaların xal fərqləri azdır. MOİK də artıq liderlik yarışına qoşulub. Çempionluq yolunuz ilə bağlı fikirləriniz nələrdir?
– MOİK-in də çempionluq üçün oynayacağını bilirdik. Onlara qarşı matçımız çox çətin alınmışdı. Heyətlərində kifayət qədər keyfiyyətli futbolçular var. Çempionluq yolunda gərgin mübarizə olacaq.
Şahin Cəfərov