Bu qanun layihələri birinci oxunuşda müzakirə ediləcək

28.01.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Fevralın 2-də keçiriləcək Milli Məclisin plenar iclasının gündəliyinə müxtəlif sahələri əhatə edən bir sıra qanun layihələri daxil edilib.

Bakıvaxtı.az xəbər verir ki, iqtisadiyyat, maliyyə, səhiyyə və gömrük sahələrinə dair təklif olunan dəyişikliklər ölkənin normativ-hüquqi bazasının daha da təkmilləşdirilməsini məqsəd qoyur.

Gündəliyə əsasən, iclasda ilk olaraq Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq. Dəyişikliklər vergi və gömrük idarəetməsinin səmərəliliyinin artırılması, eləcə də bank sektorunun normativ tənzimlənməsinin gücləndirilməsi hədəfi daşıyır.

Deputatlar həmçinin “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişiklikləri nəzərdə tutan layihəni nəzərdən keçirəcəklər. Bu sənəd səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, onkoloji yardımın daha əlçatan və effektiv təşkili məqsədilə hazırlanıb.

İclasda müzakirə ediləcək digər layihə Gömrük Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna dəyişiklikləri əhatə edir. Təşəbbüs gömrük nəzarətinin gücləndirilməsi, qiymətli metalların və daşların dövriyyəsində şəffaflığın artırılmasını nəzərdə tutur.

Gündəliyə daxil edilən sonuncu layihə “Büdcə sistemi haqqında”, “Mühasibat uçotu haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlara dəyişiklikləri özündə birləşdirir. Layihə dövlət maliyyə idarəçiliyinin optimallaşdırılması, mühasibatlıqda standartlaşdırmanın genişləndirilməsi və satınalma proseslərində şəffaflığın artırılmasına xidmət edir.

Qanun layihələri fevralın 2-də birinci oxunuşda müzakirəyə təqdim olunacaq.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью