Bu qərar fermerlərin belini bükə bilər

17.11.2026

Icma.az, Yenisabah saytına istinadən bildirir.

Milli Məclisin noyabrın 17-də keçirilən plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Tahir Rzayev kənd təsərrüfatı məhsulları istehsalından əldə edilən gəlir və ya mənfəətin 10 faiz dərəcə ilə vergiyə cəlb edilməsinin fermerlərin fəaliyyətini çətinləşdirə biləcəyini bildirib.

"Yeni Sabah" xəbər verir ki,  parlamentari fermerlərin gübrə, yanacaq, kənd təsərrüfatı texnikası, suvarma və işçi qüvvəsi üçün xeyli vəsait sərf etdiyini, eyni zamanda məhsullarını vaxtında sata bilmədiklərini nəzərə alaraq, aqrar sektorda vergidən azadolma müddətinin daha bir neçə il uzadılmasını xahiş edib.

Ölkə iqtisadiyyatına əlavə gəlir gətirə biləcək yun və gön-dəri məhsullarının artıq tullantıya çevrildiyini vurğulayan T.Rzayev bir çox fermerlərin becərdikləri tərəvəz, bostan və meyvə məhsullarını vaxtında realizə edə bilmədiklərini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin kənd təsərrüfatı məhsullarının dövlət tərəfindən tədarükü, emalı və saxlanılması mexanizmləri təmin edilərsə, bu, dövlət büdcəsinə əhəmiyyətli həcmdə əlavə gəlir qazandırar. Elektronika məhsulları

Deputat büdcə vəsaitlərinə qənaət məqsədilə son illər kommunal, yaşıllaşdırma, su təsərrüfatı və digər xidmət sahələrində aparılan ixtisarların və ayrılan yanacağın miqdarının bir neçə dəfə azaldılmasının yaratdığı çətinliklərə də toxunub. O qeyd edib ki, bu amillər nəticəsində məişət tullantılarının daşınması, yaşıllıqların qorunması, suvarılması və təmizliyin təmin olunması xeyli çətinləşib, böyük zəhmət bahasına salınmış yaşıllıqlar sıradan çıxır və çox sayda ağac quruyur.

Parlamentari buna misal olaraq Bakı-Gəncə magistral yolunun kənarında salınmış yaşıllıqlardakı quruyan ağacların mövcud vəziyyətini göstərib.

Çıxışında orta məktəb dərsliklərinin hazırlanması və nəşri ilə bağlı ciddi narazılığını da ifadə edən T.Rzayev dərsliklərin tərtibatının cəmiyyətdə haqlı narahatlıq doğurduğunu bildirib. O vurğulayıb ki, xarici ölkə müəlliflərinin bədii nümunələrini öz adlarına çıxan, milli-mənəvi dəyərlərimizə zidd və keyfiyyətsiz mətnləri məktəb dərsliklərinə salaraq qazanc əldə edənlər təkcə ayrılan dövlət vəsaitlərini deyil, həm də gənc nəslin mənəviyyatını və dünyagörüşünü zədələyirlər. Parlamentari səlahiyyətli qurumların büdcə vəsaitlərindən səmərəli istifadə istiqamətində gördüyü tədbirləri təqdir etməklə yanaşı, səsləndirilən bu məsələlərin də diqqətdə saxlanılmasını və əsaslı addımların atılmasını xahiş edib.

Nazim Hacıyev


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью