525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Məlum olduğu kimi, Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi Qaydası"nda dəyişiklik edilib. Qərara əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdır. Dövriyyəsi 10 min ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması isə könüllü olaraq həyata keçiriləcək. Nazirlər Kabinetinin təsdiq etdiyi bu qərarın ölkənin rezident sahibkarlarına, rezident onlayn xidmətləri göstərənlərə heç bir təsir və aidiyyəti yoxdur. Əksinə, bu qərar həmin şəxslərin rəqabət vəziyyətini eyniləşdirir”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a bildirib. Ekspert qeyd edib ki, qeyri-rezident şəxslərə münasibətdə belə bir məhdudiyyətin olmaması Azərbaycan daxilində vergi ödənmədən öz xidmətlərini satmaq imkanı yaradırdı:
“Yerli rezident xidmət göstərən şəxslər isə ölkə daxilində bütün vergiləri ödəmək məcburiyyətində olduğuna görə, rəqabət aparmaqda çətinlik çəkirdilər. Bu baxımdan 10 min dollarlıq dövriyyənin qoyulmasının təsiri ancaq qeyri-rezident elektron xidməti təşkil edənlərə aiddir. Yəni xarici sahibkarlar ölkəmizdə gəlir əldə edirsə, vergi ödəmələri, vergi rejiminin yerli sahibkarlarla eyni olması da tamamilə məntiqlidir”.
Sevinc Qarayeva