Bu qidalar aclıq hissini daha çox artırır ARAŞDIRMA

29.06.2026

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Fruktoza və qlükoza eyni miqdarda kalori ehtiva etsə də, beyin onları fərqli şəkildə qəbul edir. Yeni araşdırmaya görə, fruktoza aclıq hissini yatırmaqda qlükozadan xeyli zəif təsir göstərir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Neuron" jurnalında dərc olunub.

ABŞ-dəki Monell Kimyəvi Duyğular Mərkəzinin alimləri siçanlar üzərində apardıqları araşdırmada müəyyən ediblər ki, qlükoza hipotalamusda yerləşən və aclıq hissini artıran AgRP neyronlarının aktivliyini güclü şəkildə azaldır. Fruktoza isə bu neyronlara yalnız bağırsaq hormonu PYY və azan sinir vasitəsilə dolayı təsir göstərir və bu təsir xeyli zəif olur.

Alimlər qeyd edirlər ki, bu mexanizm bloklandıqda fruktozanın aclıq neyronlarına təsiri tamamilə yox olur.

Araşdırma zamanı yüksək fruktozalı qarğıdalı siropunun (fruktoza və qlükoza qarışığı) saf fruktoza ilə müqayisədə aclıq neyronlarını daha güclü şəkildə zəiflətməsi və siçanlar tərəfindən daha çox üstün tutulması da müşahidə edilib.

Tədqiqatın aparıcı müəllifi Amber Alhadeff bildirib ki, əldə olunan nəticələr fruktoza və yüksək fruktozalı qarğıdalı siropu ilə zəngin müasir qidalanmanın iştahanı tənzimləyən beyin sistemlərinə necə təsir etdiyini daha yaxşı anlamağa imkan verir.

Mütəxəssislərin fikrincə, nəticələr göstərir ki, aclığa cavabdeh neyronlar təkcə qəbul olunan kalorinin miqdarını deyil, şəkərin növünü də ayırd edə bilir. Bu isə fruktoza ilə zəngin qidaların iştahanın idarə olunmasına mənfi təsir göstərə biləcəyini göstərir.

NURİYYƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью