Bu qidalar beyin zədələnməsi riskini artıra bilər

23.10.2026

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Gündəlik qidalanmada tez-tez istifadə olunan bəzi məhsulların beyin sağlamlığına təsiri alimlərin diqqətini çəkib. 

"Cebheinfo.az" xəbər verir ki, Kanadada aparılan araşdırma ultra emal olunmuş qidaların istehlakı ilə beyində əlamət vermədən inkişaf edə bilən damar zədələnmələri arasında əlaqə olduğunu üzə çıxarıb.

“JAMA Network Open” elmi jurnalında dərc olunan tədqiqatda 35-69 yaş arası təxminən 9 min nəfərin məlumatları araşdırılıb.

Alimlər iştirakçıların qidalanma vərdişlərini, beyin MRT görüntülərini və idrak qabiliyyətini qiymətləndirən testlərin nəticələrini təhlil ediblər.

Tədqiqatda əsas diqqət ultra emal olunmuş qidalara yönəldilib. Bu qrupa qablaşdırılmış qəlyanaltılar, bəzi hazır yeməklər, şəkərli içkilər və emal olunmuş ət məhsulları daxildir.

Araşdırmanın nəticələrinə görə, bu qidaları daha çox istehlak edən insanlarda beyin damarlarının zədələnməsinə daha çox rast gəlinib.

Ultra emal olunmuş qidaları ən çox yeyən qrupda təxminən hər 9 nəfərdən birində, ən az istehlak edən qrupda isə hər 12 nəfərdən birində belə zədələnmələr aşkarlanıb.

Beyin MRT müayinələri zamanı ağ maddədə dəyişikliklər və qan dövranının pozulması nəticəsində yaranan toxuma zədələnmələri müəyyən edilib.
Bu dəyişikliklər uzun müddət heç bir aşkar əlamət yaratmadan inkişaf edə bilər. Mütəxəssislərin fikrincə, beyindəki bu cür zədələnmələr gələcəkdə insult, yaddaş və digər idrak funksiyalarının zəifləməsi, eləcə də demensiya riski ilə əlaqəli ola bilər.

Bununla belə, araşdırmada belə dəyişikliklərin aşkarlanması həmin şəxslərin mütləq bu xəstəliklərə tutulacağı anlamına gəlmir.

Alimlər yaş, siqaret istifadəsi, fiziki aktivlik, gəlir səviyyəsi, yüksək qan təzyiqi və diabet kimi amilləri də nəzərə alıblar.

Bu amillər nəzərə alındıqdan sonra da ultra emal olunmuş qidaların istehlakı ilə beyin damarlarının zədələnməsi arasındakı əlaqə davam edib.

Bununla yanaşı, tədqiqatçılar əldə olunan nəticələrin səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar.

Yəni ultra emal olunmuş qidaların birbaşa beyin damarlarının zədələnməsinə səbəb olduğu hələ təsdiqlənməyib.

Alimlər bu əlaqənin daha dəqiq öyrənilməsi üçün uzunmüddətli tədqiqatların aparılmasına ehtiyac olduğunu bildirirlər.

Araşdırma qidalanma vərdişlərinin yalnız ürək-damar sisteminə deyil, beyin sağlamlığına da təsir göstərə biləcəyini göstərir.

Gülər 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью