Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Lobya, mərcimək, noxud və tofu kimi məhsullar yüksək qan təzyiqi riskini azaltmağa kömək edə bilər. Genişmiqyaslı araşdırmaların təhlili göstərib ki, paxlalı bitkilər və soya məhsullarından daha çox istifadə edən insanlarda hipertoniya daha az müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bu barədə “BMJ Nutrition Prevention & Health” jurnalında dərc olunan elmi araşdırmada bildirilib.
Tədqiqatçılar ABŞ, Avropa və Asiyada aparılmış 12 uzunmüddətli araşdırmanın nəticələrini təhlil ediblər. Araşdırmalarda 1 152 nəfərdən 88 475 nəfərədək iştirakçı yer alıb.
Təhlilin nəticələrinə görə, ən çox paxlalı bitkilərdən istifadə edən insanların hipertoniya riski bu məhsulları az yeyənlərlə müqayisədə 16 faiz aşağı olub. Soya məhsullarını daha çox istehlak edənlərdə isə bu göstərici 19 faiz təşkil edib.
Araşdırmada paxlalı bitkilərin gündəlik təxminən 170 qram qəbulunun daha nəzərəçarpan fayda verdiyi müəyyənləşib. Bu miqdarda istehlak zamanı hipertoniya riski təxminən 30 faiz azalıb.
Soya məhsulları üçün isə optimal gündəlik miqdar 60-80 qram hesab edilib. Bu halda yüksək təzyiq riski 28-29 faiz aşağı düşüb. Daha çox soya istehlakının əlavə fayda vermədiyi vurğulanıb.
Tədqiqatçılar bu məhsulların faydasını onların tərkibindəki kalium, maqnezium və liflə əlaqələndirirlər. Bu maddələr normal qan təzyiqinin qorunmasına kömək edir. Lif bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir və damarların rahatlamasına şərait yarada bilər.
Soya məhsullarında olan bitki mənşəli birləşmələrin də qan təzyiqi üçün faydalı olduğu ehtimal edilir.
Bununla belə, alimlər araşdırmanın müəyyən məhdudiyyətlərinin olduğunu bildiriblər. Belə ki, müxtəlif tədqiqatlarda paxlalı bitkilərin növləri, hazırlanma üsulları və iştirakçıların ümumi qidalanma vərdişləri fərqlənib.
Araşdırmanın müəllifləri ürək-damar sağlamlığı üçün gündə 65-100 qram paxlalı bitki qəbul edilməsini tövsiyə edirlər.
Bizim.Media