Icma.az bildirir, Lent az portalına istinadən.
2050-ci ilə qədər Afrikanın 20 böyük şəhərində 7 milyondan çox insan və təxminən 1 milyon bina sahilyanı daşqın riski ilə üzləşə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Virciniya Politexnik Universitetinin rəhbərliyi ilə beynəlxalq alimlər qrupu tərəfindən aparılan araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.
Alimlər “Sentinel-1” peyklərinin 4 mindən çox radar görüntüsünü təhlil edərək torpaq səthinin şaquli hərəkət xəritələrini hazırlayıblar. Məlum olub ki, Misirin İsgəndəriyyə şəhərində torpağın çökmə sürəti ildə təxminən 6 millimetr, Nigeriyanın Laqos şəhərində isə 5 millimetr təşkil edir.
Tədqiqatçılar müəyyən ediblər ki, torpağın çökməsi nəzərə alındıqda 2050-ci ilədək İsgəndəriyyədə daşqın təhlükəsi altında olan ərazilərin sahəsi təxminən 15 faiz arta bilər.
Alimlər torpağın hərəkəti, dəniz səviyyəsinin yüksəlməsi, ərazinin hündürlüyü və binaların yerləşməsi barədə məlumatları birləşdirərək riskli əraziləri müəyyənləşdiriblər. Araşdırmada əhali və tikililərin sayı 2020-ci ilin göstəriciləri əsasında hesablanıb.
Mütəxəssislərin fikrincə, mümkün fəlakətin real miqyası şəhərlərin gələcək inkişafından və daşqınlardan qorunmaq üçün yaradılacaq müdafiə qurğularından da asılı olacaq.
Potensial təhlükə altında olan ərazilərdəki aktivlərin ümumi dəyəri təxminən 180 milyard dollar qiymətləndirilir.