Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.
Oturaq həyat tərzi erkən ölüm riskini pis qidalanmadan daha çox artırır. Alimlərin araşdırmasına görə, gündə cəmi 5-10 dəqiqə əlavə fiziki aktivlik bu riski əhəmiyyətli dərəcədə azalda bilər.
Moderator.az "ScienceAlert" nəşrinə istinadən xəbər verir ki, amerikalı tədqiqatçılar onlarla elmi araşdırmanı təhlil edərək fiziki fəaliyyətin və qidalanmanın ölüm riski ilə əlaqəsini müqayisə ediblər.
Arizona Dövlət Universitetinin idman fizioloqu Qlenn Qasser və Kaiser Permanente Tibb Mərkəzinin həkimi Robert Sallis müəyyən ediblər ki, sağlam qidalanma ölüm riskini azaltsa da, fiziki aktivliyin təsiri daha güclüdür.
Tədqiqatçıların hesablamalarına görə, keyfiyyətsiz qidalanma ölüm riskini 3-20 faiz artırdığı halda, hərəkətsiz həyat tərzi bu göstəricini 46-163 faiz yüksəldə bilər.
Hətta gündəlik fiziki aktivliyin cüzi artırılması da ciddi fərq yaradır. Gündə 5-10 dəqiqə əlavə hərəkət etmək oturaq həyat tərzi keçirən insanlarda ölüm riskini 30-42 faiz azalda bilər. Gündəlik addım sayının 2000 artırılması isə riskin 25-50 faiz azalması ilə əlaqələndirilib.
Araşdırmada gündə 11-16 min addım atan insanların ölüm riskinin daha az hərəkət edənlərlə müqayisədə 45-67 faiz aşağı olduğu da qeyd edilir. Ürək və ağciyərlərin dözümlülüyünün yüksək olması da ölüm riskinin azalması ilə əlaqələndirilib.
Bununla belə, alimlər sağlam qidalanmanın əhəmiyyətini azaltmırlar. Onların fikrincə, uzunömürlülük üçün həm düzgün qidalanma, həm də müntəzəm fiziki fəaliyyət vacibdir. Sadəcə, mövcud elmi dəlillər fiziki aktivliyin ölüm riskinə təsirinin daha güclü olduğunu göstərir.
Qeyd edək ki, nəticələr əsasən müşahidə araşdırmalarına əsaslanır və fiziki aktivliyin ölüm riskini birbaşa azaltdığını qəti şəkildə sübut etmir.