Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Türkiyə ötən gün gündəlik külək enerjisi istehsalında 276 min 794 meqavat-saat göstərici ilə bütün zamanların rekordunu yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Elektrik Ötürmə Korporasiyasının (TEİAŞ) məlumatlarına istinadən informasiya yayıb.
Bildirilib ki, ölkədə dünən ümumilikdə 986 min 783 meqavat-saat elektrik enerjisi istehsal olunub. İstehsal həcminə görə külək elektrik stansiyaları bənd tipli su elektrik stansiyalarını və idxal kömürlə işləyən stansiyaları geridə qoyaraq ümumi istehsalın 28,1 faizini təşkil edib.
Hesabat dövründə bənd tipli su elektrik stansiyalarında 187 min 78 meqavat-saat (19 faiz), idxal kömürlə işləyən elektrik stansiyalarında isə 146 min 683 meqavat-saat (14,9 faiz) enerji əldə edilib.
Qeyd edək ki, Türkiyədə külək enerjisi istehsalı üzrə əvvəlki rekord cari ilin 3 yanvar tarixində 259 min 76 meqavat-saatla qeydə alınmışdı. TEİAŞ-ın statistikasına əsasən, dünən ölkə üzrə elektrik enerjisi istehlakı 978 min 790 meqavat-saat təşkil edib. Eyni zamanda, Türkiyə ötən gün 9 min 235 meqavat-saat elektrik enerjisi ixrac edib, 2 min 129 meqavat-saat isə idxal edib.