Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Uzun illər təhsil və gərgin əmək tələb edən peşə sahiblərinin, xüsusilə müəllim və həkimlərin pensiya təminatının digər sahələrlə müqayisədə daha yüksək olub-olmaması cəmiyyətdə geniş müzakirələrlə nəticələnir. Maraqlıdır, uzun illər təhsil almış peşələr (müəllim, həkim) daha yüksək pensiya almalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, pensiya sistemində peşələrə görə fərqləndirmə doğru yanaşma deyil:
“Belə bir şey olmamalıdır. Bu, insanlar arasında ayrı-seçkiliyə səbəb olar. Kim təhsil alırsa, bunu özü üçün edir, heç kim məcbur etmir. Pensiya prinsipi sadədir, kim işlədiyi dövrdə Pensiya Fonduna daha çox vəsait ödəyibsə, daha yüksək pensiya almalıdır”.
İqtisadçının sözlərinə görə, pensiya məbləği şəxsin əmək fəaliyyəti dövründə ödədiyi sosial sığorta haqlarına əsaslanmalıdır və peşənin nə qədər uzunmüddətli təhsil tələb etməsi burada meyar olmamalıdır.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə və ictimai müzakirələrdə müəllim və həkimlərin uzun illər oxumasını əsas gətirərək onlara xüsusi pensiya güzəştlərinin tətbiq olunması təklifləri səsləndirilir. Lakin mütəxəssislər mövcud pensiya sisteminin sığorta prinsipi üzərində qurulduğunu və bu yanaşmanın dəyişdirilməsinin ədalətsizlik yarada biləcəyini vurğulayırlar.
Aynurə İsmayıl
KONKRET.az
