Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Sentyabrın 6-da görkəmli kinooperator, Azərbaycanın Əməkdar incəsənət xadimi Amin Novruzov dünyasını dəyişdi. Mən bu müsahibəni onun vəfatından qısa müddət əvvəl, "Azərbaycanfilm" Kinostudiyasında almışdım. O zaman söhbətimizin sonuncu görüşümüz olacağını, bu xatirələrin bir gün onun haqqında yazının başlanğıcına çevriləcəyini düşünməzdim. İndi isə Amin Novruzovun xatirəsini yad etmək, onun sənət yolu və düşüncələri ilə oxucuları bir daha görüşdürmək məqsədilə həmin müsahibəni təqdim edirəm.
Uzun müddət idi onun haqqında yazmaq istəyi məni rahat buraxmırdı. Bir müddət özlüyümdə götür-qoy edirdim. Alınacaqmı? Öhdəsindən gələ biləcəyəmmi? Nəhayət, bir gün bütün cəsarətimi toplayıb işə girişməyə qərar verdim. Görüşdən bir gün əvvəl onunla əlaqə saxlayıb vaxtı və məkanı dəqiqləşdirdim. Görüş üçün ona ən doğma olan məkanı - Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasını təklif etdi. Təbii ki, məkan seçimi təsadüfi deyildi. Kinostudiya onun və onun kimi neçə-neçə görkəmli sənətkar üçün sənət məbədidir.
Növbəti gün təyin etdiyimiz saatda kinostudiyaya yollandım. Bir zamanlar həyat qaynayan sənət məbədində indi isə "gurultulu" bir səssizlik hökm sürürdü.
Bir müddət sonra həmin səssizliyi görkəmli sənətkarın ayaq səsləri pozdu. Söhbət Azərbaycanın görkəmli kinooperatoru, Əməkdar incəsənət xadimi Amin Novruzovdan gedir.
1947-ci il oktyabrın 7-də Bakının Güzdək kəndində anadan olub. 1962-1966-cı illərdə musiqi təhsili alıb. Uşaq yaşlarından incəsənətə marağı sayəsində yolu 21 yaşında kinostudiya ilə kəsişib: "Məni ilk dəfə bura gətirən adama minnətdarlığımı bildirirəm. O adam Mirzə Babayevdir. Dayımla bağ qonşusu olub. Sonralar özüm də onunla tanış oldum.
Hərbi xidmətdən yenicə qayıtmışdım. Bir gün Mirzə Babayev məni yanına salıb kinostudiyanın o zamankı direktoru Adil İsgəndərovun yanına gətirdi. Məsələni danışdı. Yadıma gəlir, Adil müəllimin ağzını marçıldadıb "qadam" deməyi vardı. Məni yanına çağırıb soruşdu ki, "qadam, operator olmaq istəyirsən?" Dedim, bəli. Fiziki cüssəmə baxıb qayıtdı ki, səni işə qəbul edirəm. Bacarsan qalacaqsan, bacarmasan gedəcəksən. Beləcə kinostudiya macərası başladı".
Beləliklə, Amin Novruzov 21 yaşında kinostudiyada işləməyə başlayır. Milli kinomuzun görkəmli operatorları və rejissorlarının yanında böyük kino məktəbi keçir. İlk dəfə 1969-cu ildə Şamil Mahmudbəyovun quruluşçu rejissoru olduğu "Şərikli çörək" filmində operator assistenti olaraq çalışır. "Şərikli çörək" filminin titrlərində adını ilk dəfə görəndə sevincdən göz yaşlarını gizlədə bilmir. Görkəmli sənətkar həmin illəri kövrələrək xatırlayır: "Rejissor Şamil Mahmudbəyovun özünəməxsus iş prinsipi var idi. Xüsusən uşaqlarla çox gözəl çalışırdı. Yadıma gəlir, Tünzalə adlı balaca bir qızı çəkirdik. Ssenariyə görə qız ağlamalı idi. Lakin heç cür ağlada bilmirdik. 2-3 dubl çəkdik, gördük, yox ee, bu qız ancaq gülür. Ağlamaqla arası yoxdu. Məcbur qalıb yüngülcə şillə vurduq, başladı gülməyə. Axırda Şamil Mahmudbəyov ikinci rejissorun qulağına qayıtdı ki, evdən bu qızın kuklasını gətirin. Nə isə, kuklanı gətirdilər. Növbəti dubl çəkilişində qız gülmək istəyirdi ki, Şamil müəllim tez kuklanın qol-qıçını çıxarıb yerə tulladı. Uşaq bunu görən kimi gözlərini bərəldib Şamil Mahmudbəyova baxıb başladı ağlamağa. Beləcə həmin səhnəni çəkdik. Başqa bir misal çəkim. Filmdə qır qarışdırma səhnəsi var. Qırçı Məhəmməd (Fazil Salayev) qırı qarışdıran zaman huşu gedir və yıxılır. Biz həmin səhnəni çəkən zaman demə, qıraqda bir nəfər məhəllə sakini prosesi izləyirmiş və bilməyib ki, film çəkilişidir. Biz həmin səhnədə yerə kukla uzatmışdıq. Adam görüb ki, qır axır və yerdə kimsə uzanıb, qaça-qaça gəldi ki, yekə kişilərsiz adam orda yıxılıb, heç birinizin vecinə deyil (gülür)".
Amin Novruzov "Şərikli çörək" filmindən sonra bir sıra filmlərdə operator assistenti və ikinci operator olaraq çalışır. Tezliklə quruluşçu operatorlar Arif Nərimanbəyov və Zaur Məhərrəmovdan yeni dəvətlər alır. 1977-ci ildə isə quruluşçu operator Rafiq Qəmbərov onu "Vulkana doğru" bədii televiziya filminə ikinci operator kimi dəvət edir.
Dövrün qanunlarına görə, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun müvafiq peşə üzrə diplomu olmayan adama filmin quruluşçu operatoru olmağa icazə verilmirdi. Buna görə Amin Novruzov 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə qəbul olur. Vladimir Yusovun emalatxanasında təhsil alır. Amin Novruzov ümumi nəzəri hazırlığı, peşə təcrübəsi ilə sənət müəllimi, dünya şöhrətli sənətkar Vladimir İvanoviç Yusovun diqqətini çəkir: "Tələbə olan zaman ən yadda qalan filmim zəncilərlə bağlı idi. Təəssüf ki, adını və janrını unutmuşam".
Təhsilini başa vuran Amin Novruzov 1983-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator olaraq çalışıb. Quruluşçu operatoru olduğu ilk film rejissor Oktay Mir-Qasımın "Cin mikrorayonda" filmi olub.
Amin Novruzovun ekran dili maraqlı və obrazlıdır. Mənalı plan və rakurslarının seçimi təsadüfi xarakter daşımır. O, standart formalardan qaçır, hər epizodun yeni, orijinal quruluş həllini axtarır. Onun quruluşçu operatoru olduğu "Musiqili xaş", "Süd dişinin ağrısı", "Özgə vaxt", "Yalan" kimi filmlər sənətsevərlərə yaxşı tanışdır. 1997-ci ildə rejissor və operator kimi quruluş verdiyi "Ləqəbi "İkadır" filmi onun rejissor kimi də sənətkarlığını səciyyələndirir.
1991-ci ildə isə Amin Novruzov Xalq artisti Ramiz Əzizbəylinin quruluş verdiyi "Bəxt üzüyü" filmini lentə alır. Afaq Bəşirqızı, Valeh Kərimov, Gülşad Baxşıyeva, Firəngiz Rəhimbəyli, Cahangir Novruzovun, Ayşad Məmmədovun yaratdığı obrazlar tamaşaçı sevgisi qazanır. Quruluşçu operatorun kompozisiya və bədii təsvir xüsusiyyətləri onun yaradıcılıq üslubuna yeni inkişaf yönümündən işıq salır: "Filmi Mərdəkanda çəkirdik. Orda Afaqın qaçdığı səhnə var. Qaçdığı zaman Ramizə dəyir və əlindəki araq butulkası divara dəyib sınır. Sındırdığı butulkanın içərisində həqiqətən araq var idi. O dövrdə ümumiyyətlə araq gec tapılan şey idi. Həmin səhnənin çəkilişində mən öncədən Ramizə dedim ki, arağı hardan tapacaqsan? Gəl boş araq butulkasının içinə su tökək. Onsuz da bilinməyəcək. Ramiz razı olmadı. Dirəşdi ki, əsl araq olmalıdır. Mən tapacam. Həqiqətən də tapıb gətizdirdi və biz həmin səhnəni çəkdik. Qonşuların həyətdə yeyib-içmək səhnəsini çəkirdik. Ssenariyə görə, Afaq stuldan yıxılanda əlindəki saz yerə düşməli idi. Nizami Bəydəmir adlı rəssamımız vardı. Saz onun sazı idi. Çəkilişdən qabaq Nizami Afaqa qayıdır ki, qurban olum, o saz babamın yadigarıdı. Elə et ki, başına bir şey gəlməsin. Uzun sözün qısası, çəkiliş başladı. 1 dubl, 2 dubl, 3 dubl, Afaq yıxılır, ancaq sazı əlindən buraxmır. Axırda Ramiz hirslənib qayıtdı ki, sazı tulla yerə. Afaq da qayıtdı ki, Nizaminin babasının yadigarıdı. İcazə vermir (gülür)".
"Bəxt üzüyü" filmi bir tamaşaçı, eyni zamanda Mədəniyyət və İncəsənət Universitetinin operator sənəti ixtisası tələbəsi olaraq sevə-sevə baxdığım filmlər sırasındadır. Amin Novruzov özü şah əsəri olaraq "Bəxt üzüyü" filmini hər yerdə qeyd etsə də, mənə görə Amin müəllimin operator işi baxımından zirvədə olan filmi "Süd dişinin ağrısı"dır. Bu filmdə kameranın hərəkətindən tutmuş, işıq və rəng həllinə qədər hər şey filmin ali məqsədinə, dramaturgiyaya xidmət edir.
20-yə yaxın tammetrajlı və qısametrajlı bədii filmin, "Mozalan" satirik jurnalı üçün 87 süjetin, 12 sənədli filmin quruluşçu və ya baş operatoru olan Amin Novruzov vaxtilə imtina etdiyi bir film üçün təəssüfləndiyini bildirir: "Rəhmətlik rejissorumuz Eldar Quliyevin dəlilər haqqında "Nə gözəldir bu dünya" adlı filmi var. Maştağada çəkilib. Həmin filmin operatoru mən olmalı idim, əslində. Təklifi qəbul etmişdim. Sadəcə, qonorar məni qane etmədiyinə görə imtina etdim. Buna görə hətta Eldar Quliyevlə aramızda inciklik oldu. Amma sonradan barışdıq və birgə əməkdaşlığı davam etdirdik".
"Ləqəbi "İkadır" filminin rejissoru Teymur Bəkirzadə 1995-ci ildə qəflətən dünyasını dəyişir. Filmi tamamlamaq quruluşçu operatoru olan Amin Novruzova qismət olur. 1997-ci ildə Minskdə keçirilən "Listopad" beynəlxalq kinofestivalında iştirak edən bu film MDB ölkələrinin İcraiyyə Komitəsinin mükafatını qazanır. Beynəlxalq kinofestivalda Amin Novruzov yüksək professionallığına görə diplomla təltif olunur. 2002-ci ilin avqust ayında isə "Ləqəbi "İkadır" filmi Bakıda keçirilən "Bizim naməlum kino" festivalının proqramına daxil edilir. Amin Novruzov uğurlu işinə görə mükafata layiq görülür.
Ötən çağların filmlərindən söz düşəndə Amin müəllim deyir ki, o vaxt "Azərbaycanfilm"in çox gözəl filmləri, rejissorları var idi: "Tofiq Tağızadənin, Həsən Seyidbəylinin çəkdikləri filmlər, demək olar ki, dünya səviyyəli filmlər idi. Gənc yaşlarımızda o filmlərə baxaraq ilham alırdıq. Özümüzü həmin sənətkarlara oxşatmağa çalışırdıq. "Uzaq sahillərdə", "Sən niyə susursan", "Bir cənub şəhərində" kimi filmlər çox sevdiyim filmlər sırasındadır. "Bir cənub şəhərində" filminə ilk dəfə baxanda operatorun çəkiliş üslubu mənə çox güclü təsir bağışladı. Bu filmdə Ocaqov geniş bucaqlı obyektivdən istifadə edərək sanki tamaşaçını ekrana daha da yaxınlaşdırırdı. Bu üsul aktyor oyununu incəliklərinə qədər müşahidə etməyə, onların daxili aləmini duymağa zəmin yaradırdı. İşıq və başqa texniki vasitələrlə ekran obrazlarının daha da qabardılması Rasim Ocaqov tərəfindən çox gözəl həyata keçirilirdi. Bunlar bizim üçün əsl məktəb idi".
Amin Novruzov uzun müddət elmi və pedaqoji fəaliyyətlə də məşğul olub. Bir sıra dərsliklərin müəllifidir. 2021-ci ildə kinooperator Rafiq Qəmbərovla birgə üzərində çalışdığı, IX fəsildən ibarət "Fotokompozisiya" kitabı işıq üzü görüb. Kitabda foto sənəti və bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edilir, eyni zamanda kino sənəti, operator sənəti, rəssamlıq, kinooperatorun və rəssamın birgə işi, fotonun onlarla bağlılığı, işıq effektləri və s. barədə geniş məlumat təqdim edilir. Bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Bu peşənin sirlərini gənclərə tədris edib. Tələbələri hazırda ölkənin müxtəlif telekanallarında, film prodakşnlarında çalışır.
Azərbaycan Respublikasının Prezidentinin 18 dekabr 2000-ci il tarixli fərmanı ilə kinooperator Amin Novruzəli oğlu Novruzov "Əməkdar incəsənət xadimi" fəxri adına layiq görülüb. O, kino və televiziya sahəsində professor statusu alan ilk sənətkardır.
Təqaüddə olan sənətkarın bu sənətə yiyələnmək istəyən gənclərə tövsiyəsi də var: "Bu sənət bağlı qapıların açarı, insan ayağı dəyməyən yerlərə getmək üçün bir biletdir. Ancaq çörəksiz sənətdir, pulsuz sənətdir. Maddi təminat üçün gəlmək istəyən gənclər bir daha fikirləşsinlər. Vəziyyətimiz ortadadır. Nə pulumuz var, nə bağımız. Əgər içlərində sənət sevgisi varsa, bu peşədən gözəl terapiya ola bilməz".
Söhbətimizi bitirib Amin müəllimlə sağollaşıram. Kinostudiyadan ayrılarkən görkəmli sənətkarımızı xatirələri ilə baş-başa buraxıram. Bu ayrılıq mənə Amin Novruzovun quruluşçu operatoru olduğu "Bəxt üzüyü" filmindən bir səhnəni xatırladır.
Artıq payız gəlib, tutqun havadır. Bağ mövsümü başa çatıb. Qonşular şəhərə köçməyə hazırlaşırlar. Hamı bir-bir Tanrıbəy dayı ilə sağollaşır. Sonda içki düşkünü Hüseyn Tanrıbəy dayıya yaxınlaşır: "İngiltərədə pivənin kruşkası iki pennidir. Bizim pulnan havayı..."
Sadıq ƏLİVERDİBƏYLİ