525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“XII Bakı Beynəlxalq Kitab Sərgisi Səudiyyə Ərəbistanı Krallığı üçün çox böyük əhəmiyyət daşıyır, çünki sərgi vasitəsilə ölkəmizin mədəniyyətini və ədəbiyyatını Azərbaycan ictimaiyyətinə çatdırırıq”.
525.az xəbər verir ki, bu fikirləri Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli deyib.
Diplomat bildirib ki, bu, xalqlarımız arasında mədəni bağları daha da gücləndirəcək:
“Burada Səudiyyə Ərəbistanından olan bir çox qurumlar iştirak edir. Stenddə sərgilənən kitabların ziyarətçilər üçün çox faydalı olacağına inanıram. Təbii ki, bu ədəbiyyatlar arasında İki Müqəddəs Ocaq haqqında məlumatları özündə əxz etdirən kitablar da var. O cümlədən, Kral Fəhd Mərkəzi tərəfindən dərc edilən Qurani-Kərim kitablarını stendimizdə görə bilərsiniz. Eləcə də, Kral Əbdüləziz adına qurumun çap etdiyi kitablar da stendimizdə sərgilənməkdədir. Hazırda stenddə ərəb dilinin və yazısının qorunmasına xidmət göstərən şahzadə Salman adına Mərkəz də iştirak edir”.
Diplomat bildirib ki, Səudiyyə Ərəbistanının Türkiyədəki Səfirliyinin mədəniyyət attaşeliyi də sərgidə iştirak edərək azərbaycanlı tələbələrin Səudiyyə Ərəbistanında təhsil aması üçün proqramları təqdim və təşviq edir. Məhz həmin proqramlar əsasında Səudiyyə Ərəbistanı hər il azərbaycanlı tələbələrə "Səudiyyə Ərəbistanında oxu" (Study in Saudi Arabia) proqramı çərçivəsində 121 təqaüd ayırır:
“Proqram azərbaycanlı tələbələrə Səudiyyə Ərəbistanında müxtəlif ixtisaslar üzrə təhsil almaq imkanı verir. Müraciətlər onlayn şəkildə təqdim olunur, təhsil xərclərini isə Səudiyyə tərəfi qarşılayır".
Qeyd edək ki, Beynəlxalq Kitab Sərgisi oktyabrın 27-dək davam edəcək.
Pərvanə Sultanova