Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Günəşdə son dərəcə güclü ikiqat partlayış qeydə alınıb.
Bu zaman insanlarda müəyyən problemlər yarana bilər. Bu halların nədən ibarət olduğunu dəqiqləşdirmək üçün mütəxəssislərə müraciət etdik.
Həkim, nevroloq Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, Günəşdə baş verən bu tip partlayışlar əsasən kosmik şüalanma və maqnit fırtınaları ilə əlaqəlidir.
Onun sözlərinə görə, yerə birbaşa yönəlmədiyi hallarda onların təsiri xeyli zəif olur.
"Maqnit həssaslığı olan bəzi insanlarda - xüsusilə migreni, vegetativ sinir sistemi pozğunluğu, arterial təzyiq dəyişkənliyi olan şəxslərdə baş ağrısı, halsızlıq, yuxu pozuntusu, diqqət dağınıqlığı kimi şikayətlər arta bilər. Bu təsirlər birbaşa beyin toxumasına zərər verən faktorlar deyil, daha çox orqanizmin adaptasiya reaksiyası ilə bağlıdır", - deyə həkim bildirib.
Ekspertin sözlərinə görə, əhali üçün xüsusi panikaya əsas yoxdur:
"Tövsiyəm odur ki, belə dövrlərdə yuxu rejiminə diqqət edilsin, maye qəbulu artırılsın, artıq stressdən uzaq durulsun və xroniki nevroloji xəstəliyi olan şəxslər dərmanlarını mütəmadi qəbul etsinlər.
Ən çox təsirə məruz qalan sahələrdən biri ürək-damar sistemidir. Xüsusilə yaşlı insanlarda, hipertoniyası, ürək ritm pozuntusu olan şəxslərdə arterial təzyiqin dəyişməsi, ürəkdöyünmə, halsızlıq kimi hallar müşahidə oluna bilər. Bu, damar tonusunun vegetativ sinir sistemi vasitəsilə dəyişməsi ilə əlaqələndirilir".
Vüsalə Nuriyeva onu da vurğulayıb ki, psixosomatik təsirlər də mümkündür:
"Narahatlıq, səbəbsiz gərginlik, yuxusuzluq, əhval dalğalanmaları bəzi insanlarda arta bilər. Bu, daha çox maqnit həssaslığı olan şəxslərdə və artıq stress fonunda ortaya çıxır.
Endokrin sistem baxımından ciddi və sübut olunmuş bir zərər yoxdur, lakin bəzi tədqiqatlarda maqnit fırtınaları zamanı kortizol səviyyəsində müvəqqəti dəyişikliklər qeyd olunub. Bu da özünü yorğunluq və zəiflik kimi göstərə bilər
Xüsusi vurğulamaq istəyirəm ki, bu təsirlər müvəqqəti və geri dönəndir, orqan və ya beyin səviyyəsində qalıcı zədələnmə yaratmır. Sağlam insanlarda ciddi tibbi fəsad gözlənilmir".