Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Beynəlxalq aləmdə “qurşaqdan aşağı” siyasi mübarizə metodu daha da sürətlə yayılır. Siyasi rəqiblər daha əvvəlki kimi debatlar etmək, çıxışlarını sosial-iqtisadi əsaslar üzərində qurmaq istəmir. Onlar siyasi mübarizəni ən aşağı və iyrənc formada həyata keçirməyə daha çox üstünlük verirlər. Ən pisi də odur ki, bu “mübarizə metodu” demokratiyanın “beşiyi” ABŞ-da daha qabarıq şəkildə özünü göstərir.
Belə ki, bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsində təmsil olunan demokratlar maliyyəçi Ceffri Epşteynə məxsus şəxsi arxivdən bir sıra fotolar paylaşıb. Bu paylaşımlarda hədəf dünyanın bir sıra siyasi liderləri, o cümlədən də ABŞ Prezidenti Donald Tramp idi.
Yayılan sənədlərdən aydın olur ki, amerikalı milyarder Ceffri Epşteyn uzun illər uşaq və qadın alveri ilə məşğul olub. Dünyanın əksər ölkələrindəki moda agentliklərinin xətti ilə ən gözəl yeniyetmə qızları model etmək bəhanəsi ilə Epşteynin ABŞ-dakı malikanəsinə daşıyıblar.
Gizli və güclü şəkildə qorunan bu malikanələrdə isə gənc qızlar ancaq cinsi istismara və zorakılığa qalıblar. Ən pisi də odur ki, Epşteynin təşkil etdiyi partilərdə dünyanın ən məşhur siyasət, maliyyə, elm adamları və incəsənət xadimləri iştirak ediblər.
Bizim.Media Epşteynin yaxın çevrəsi və əməkdaşları ilə bağlı xarici KİV-lərdə yayılan qısa siyahını təqdim edir:
Gislayn Maksvell - Epşteynin keçmiş sevgilisi, 2021-ci ildə insan alverinə görə məhkum edilib;
Jean-Luk Brunel - Fransa model agentliyinin rəhbəri, Epşteynin cinayət ortağı olduğu iddia edilən şəxs, həbsdə intihar edib;
Sarah Kellen - Epşteynin keçmiş köməkçisi;
Adriana Ross - Epşteynin keçmiş köməkçisi;
Les Vexner - Epşteynin keçmiş iş ortağı;
Abigail Vexner - Les Vexner-in həyat yoldaşı;
Siyasətçilər və dövlət xadimləri:
Şahzadə Endryu - Böyük Britaniya Kraliçası II Elizabetin ikinci oğlu, Epşteynin dostu olduğu iddia edilir;
Bill Klinton - ABŞ-ın keçmiş prezidenti;
Donald Tramp - ABŞ-ın hazırkı prezidenti;
Hillari Klinton - Keçmiş birinci xanım və ABŞ-ın sabiq dövlət katibi;
Ehud Barak - İsrailin keçmiş baş naziri;
Bill Riçardson - Keçmiş Nyu-Meksiko qubernatoru;
Kiçik Robert F. Kennedi - Amerikalı siyasətçi, ABŞ-ın hazırkı səhiyyə naziri.
İş adamları:
Riçard Branson - İngilis milyarder, "Virgin Group"un qurucusu;
Qlenn Dubin - Amerikalı fond meneceri, Epşteynin dostu olduğu iddia edilir;
Tom Pritzker - Amerikalı iş adamı və xeyriyyəçi.
Elmi və akademik dünyadan tanınmış şəxslər:
Stepan Hokinq - İngilis fizik;
Marvin Minski - Süni intellektin öncüllərindən biri;
Noam Çomski - Dilçi və filosof.
Sənət və əyləncə dünyasının nümayəndələri:
Leonardo DiKaprio - Hollivud aktyoru;
Kevin Speysi – Aktyor;
Maykl Cekson - Pop ulduzu;
David Kopperfield – Sehrbaz;
Corc Lukas - Rejissor, "Ulduz Müharibələri" seriyasının yaradıcısı;
Bruce Uillis – Aktyor;
Kris Tuker - Amerikalı aktyor və komediyaçı;
Keyt Blanxett - Avstraliyalı aktrisa;
Kameron Diaz – Aktrisa;
Heydi Klum - Alman-Amerikalı model;
Naomi Kempbell - İngilis model;
Vudi Allen - kinorejissor.
Təbii ki, Epşteynin çevrəsi və onun partilərində iştirak edənlər bu siyahıdakılarla bitmir.
Hədəf Trampdır?
Maraqlıdır ki, “Epşteyn işi” ilə bağlı ilkin siyahı 2025-ci ilin yanvarında Donald Trampın inaqruasiyasından sonra dərc edildi. Lakin o zaman bu məsələ indiki qədər ajiotaj doğurmadı.
Trampın artan nüfuzunun qarşısını almaq üçün demokratlar növbəti dəfə bu məsələni öz media resursları vasitəsilə geniş şəkildə tirajladılar.
“The New York Times” qəzetinin (NYT) apardığı təhlilə görə, dərc olunmuş sənədlər arasında Donald Trampın adı və onunla bağlı şəxslər və terminlərin 38 mindən çox dəfə keçdiyi 5,3 min fayl aşkarlanıb.
Lakin Tramp sözügedən iddiaları təkzib edib. O, Epşteynlə dostluq etmədiyini bildirib. ABŞ prezidenti Epşteynin adasına heç vaxt getmədiyini də vurğulayıb.
Siyahıda başqa hansı siyasətçilər var?
Eyni zamanda dünyanın bir çox siyasi liderlərinin də adı “Epşteyn işi”ndə keçir. Onlar arasında Fransa Prezidenti Emmanuel Makron da var.
Təsadüfi deyil ki, Ceffri Epşteyn istintaqı ilə bağlı açıqlanan yeni sənədlərdə Fransa Prezidenti Emmanuel Makronun adının keçməsi ölkədə ciddi müzakirələrə səbəb olub. Müxalifət hadisə ilə bağlı rəsmi araşdırma aparılması çağırışı edib.
Sənədlərdə iddia edilir ki, Makron bir çox məsələlərdə Epşteyndən yardım istəyib.
Sənədlərə daxil edilən elektron məktublardan birində Epşteynin 17 sentyabr 2018-ci ildə Dünya İqtisadi Forumu (WEF) İdarə Heyətinin sədri və baş icraçı direktoru Borge Brendeyə göndərdiyi mesaj yer alır. Epşteyn məktubda paylaşacağı məlumatların məxfi olduğunu vurğulayaraq Makrona aid edilən dəyərləndirmələrə toxunur. Həmin yazışmada idarəetmə, beynəlxalq institutlar və dövlət–özəl sektor münasibətlərinin yenidən düşünülməli olduğu qeyd edilir.
“Epşteyn işi”ndə Rusiyanın siyasi elitasının bəzi nümayəndələrinin də adı keçir. Məsələn açıqlanan yazışmalara görə bir ara “Epşteynin adası”nda yaşayan rusiyalı modellərdən biri - Gözəl Qəniyeva sonradan əvvəllər görüşdüyü amerikalı iş adamlarını şantaj etməyə başlayıb. Epşteyn kömək üçün Rusiya hökumətindəki yüksək vəzifəli dostuna ‐ iqtisadi inkişaf nazirinin müavini Sergey Belyakova müraciət edib.
İddialara görə, Sergey Belyakov və Cefri Epşteynin əməkdaşlığı 2014‐cü ildən başlayıb. Epşteyn Belyakov vasitəsilə Rusiya rəhbərliyinə böyük ideyalar təklif edib. O, hesab edirmiş ki, Rusiyanın nəhəng ideyaları həyata keçirmək istiqamətində unikal imkanları və bacarıqları var.
Məsələn, Epşteyn Dünya Bankından daha effektiv yeni beynəlxalq kommersiya bankı yaratmaq, 500 milyard dollar həcmində kreditlər verilməsini təşkil etmək, bitkoinə alternativ olaraq BRİC koinini dövriyyəyə buraxmaq, neftə bağlı yeni valyuta yaratmaq, yaxud rublu dolları əvəzləyəcək rezerv valyutaya çevirmək kimi ideyalar irəli sürüb.
Epşteyn‐Rusiya əlaqələrinin başqa bir sübutu budur ki, onun Mariya Drokova adlı PR meneceri və Svetlana Pojidayeva adlı köməkçisi olub. Mariya Drokova çox maraqlı personadır. Fayllarda onun adı 1639 yerdə hallanır. M.Drokova vaxtilə Rusiya Prezident Administrasiyası tərəfindən yaradılmış “Naşi” gənclər hərəkatının federal komissarı və sözçüsü, prezidentin köməkçisi Surkovin gənclərdən ibarət ideolji qrupunun iştirakçısı olub. O, 2009‐cu ildə Seliger Ümumrusiya Gənclik Təhsil Forumu zamanı Putini öpdükdən sonra ölkə miqyasında, hətta dünyada tanınıb.
Bəs “Cənnət vadi”sinə modellər haradan daşınıb?
Açıqlanan məlumatlara görə, Eynşteynin xidmətçilərinin böyük bir qismi Rusiyadan gətirilib. Bu ölkədəki bir sıra moda agentlikləri Epşteynlə ciddi əlaqədə olub. Epşteyni qadınla təmin edən agentliklərdən biri də Krasnodarda fəaliyyət göstərən “Shtorm” adlı model agentliyidir. Bu agentliyin Rusiyanın siyasi elitası ilə bağlılığını sübut edən faktlar var.
Belə ki, 2014‐cü ilin fevralında Soçi Qış Olimpiya oyunlarının təntənəli açılış mərasimində iştiraka cəlb olunmuş agentliklərdən biri məhz “Shtorm” olub. Sirr deyil ki, istər ölkə daxilində yüksək səviyyəli müştərilərə, xüsusən xarici qonaqlara xidmət göstərən, istərsə də xaricdən sifarişlər qəbul edən model agentlikləri (əslində eskort xidmətləri) kəşfiyyatın nəzarəti altında fəaliyyət göstərir. Ümumiyyətlə bu xidmət qədimdən bəri kəşfiyyatlar üçün ən yaxşı informasiya mənbələrindən biri olub.
Ukrayna model agentliyi "Line 12"-nin sahibi Maşa Manyukun da Epşteynə modellər göndərdiyi iddia olunur. Bunu Ukrayna Müdafiə Nazirliyinin müşaviri Sternenko iddia edib.
Bundan başqa dünyanın məşhur “Nordstrom Inc”, “Macy's Inc”, “Saks Fifth Avenue”, “Neiman Marcus”,”J.C. Penney Co”, “Kohl's Corp”, “Target Corp”, “Sears” və “Belk” şirkətlərinin də adı Epşteynlə əlaqədə hallanır.
Epşteynin hədəfi nə olub?
Amerikalı milyarder uzun illər fəaliyyətində hədəfi heç də qadın alverindən pul qazanmaq olmayıb. O bu yolla dünyada siyasi və iqtisadi nüfuzunu artırmaq istəyib. Belə bir faktı Rusiya ilə bağlı yuxarıda qeyd etmişik.
Epşteyn təşkil etdiyi partilərdə tanınmış simalarla işgüzar əlaqələr qurur, bu alınmayanda isə onları yetkinlik yaşına çatmayanlarla cinsi əlaqdə olmalarını əks etdirən videolarla şantaj edirdi. Məhz bu şantajlar onun sonunu gətirdi.
Epşteynin müəmmalı ölümü
Amerikalı milyarder bir neçə dəfə törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilib. Lakin hər dəfə vaxtilə onun xidmətlərindən yararlanan şəxslərin hesabına məsuliyyətdən qurtula bilib.
Nəhayət 2019-cu ildə o yenidən barmaqlıqlar arxasına düşüb. Lakin bu dəfə qurtula bilməyib və həbsxana həyatının altıncı ayında müəmmalı şəkildə ölüb.
Maraqlıdır ki, Epşteynin ölüm səbəbi təhqiq edilməyib. Onun intihar etdiyi qeyd edilib. Ən diqqətçəkən məqam isə Epşteynin ən yaxın iki adamının da oxşar formada – “həbsdə intihar edərək” ölməsidir...
Surxay Atakişiyev, Bizim.Media