Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Xətai rayonunda su emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Şükür Asif oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama keçirib.
Agentlikdən Lent.az verilən məlumata görə, yoxlama zamanı müəssisənin sanitar-gigiyenik və sanitar-texniki vəziyyətinin qənaətbəxş olmadığı müəyyən edilib. Eyni zamanda, istehsal sahələrində gigiyenik tələblərin pozulduğu, məhsulların etiketlərində istehsalçı, suyun mənbəyi, istehsal və son istifadə tarixləri barədə məlumatların düzgün qeyd edilmədiyi aşkarlanıb.
Faktla bağlı inzibati protokol tərtib olunub, qablaşdırılmış məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsalın dayandırılması barədə qərar qəbul edilib.