525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
«Xarici dilin yeni təlim texnologiyaları ilə tədrisi tələbələrin linqvistik biliklərini genişləndirir, ünsiyyət mədəniyyətinin formalaşmasına və tələbələrin ümumi nitq inkişafına kömək edir. Ali təhsilin müasirləşdirilməsi fonunda tələbələrin hədəf dilində məlumat axtarmaq, mövzu ilə bağlı internet resursları ilə işləmək bacarıqlarını inkişaf etdirməyə yönəlmiş müstəqil işlərinə geniş fəaliyyət sahəsi verilir ki, bu da tələbələrə bilik əldə etmək imkanı yaradır. Müasir təhsil sistemi onun yeni baxışlardan dəyişmə və inkişaf prosesini məqbul sayır və təlim prosesinin daha da təkmilləşdirilməsini tələb edir. Müasir təhsildə yeni yanaşmaları tətbiq etməyi və təlimin müxtəlif formalarda tədris olunmasına ehtiyac var”.
Bu fikirləri 525.az-a Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib. Onun sözlərinə görə, yeni pedaqoji yanaşmalar artıq bütün fənlərin, eləcə də xarici dilinin tədrisində əks olunmağa başladı və dilin tədrisinin yeni məzmuna, struktura və məqsədlərə malik olmasını özündə əks etdirir. Dildən ünsiyyət vasitəsi kimi istifadə etmə xarici dil tədrisinin qarşısına böyük tələblər qoyur. İndi müxtəlif dillərdə danışan və müxtəlif səviyyələrdə öz sözünü deyə bilən gənclərə böyük ehtiyac var. Bunun üçün ilk öncə dilə praktik yiyələnmək, yəni dil vərdişləri qazanmaq, fundamental dili öyrənmək və tətbiq bacarıqlarını formalaşdırmaq lazımdır:
“Dil öyrənmədə dinləyib-anlama bacarığı mühüm bacarıqdır və dilöyrətmə zamanı tələbələrin xarici dilə yiyələnməsi üçün ilk növbədə, onların eşidib-anlama bacarıqlarını inkişaf etdirmək lazımdır. Təbii ki, bu da nəticədə ünsiyyət bacarıqlarının formalaşmasına gətirib çıxaracaq. Müasir təlim texnologiyaları, fəal təlim metodları, inteqrativ təlim tələbələrin müstəqil, yaradıcı işləməsinə, təşəbbüskarlığına, liderlik qabiliyyətlərinə yiyələnməsinə, müxalif fikrə hörmətlə yanaşmasına, ünsiyyətə girmə bacarıqlarının formalaşdırılmasına imkan yaradır”.
Sevinc Qarayeva