Bu vətəndaşlara işıq pulunda 50 faiz güzəşt oluna bilər

26.01.2026

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Artan kommunal xərclər fonunda qaz olmayan yaşayış məntəqələri və binalar üçün elektrik enerjisi limitlərində güzəştlərin tətbiqi məsələsi yenidən gündəmə gəlib. Bəs, qaz olmayan yaşayış məntəqələri və binalarda yaşayan vətəndaşlar üçün elektrik enerjisi limitlərində və tariflərində güzəştlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, bir çox ölkələrdə bu yanaşma artıq mövcuddur və Azərbaycanda da vaxtilə tətbiq olunub.

“Əvvəl qaz olmayan binalarda elektrik enerjisi vətəndaşlara 50 faiz güzəştlə satılırdı. Belə bir mexanizmin yenidən tətbiqi mümkündür və məntiqli yanaşmadır. Son dövrlər Azərbaycanda qazlaşma ilə bağlı fikirlər səsləndirilir. Xüsusilə yüksək mərtəbəli binaların qazla təminatında müəyyən məhdudiyyətlərin ola biləcəyi bildirilir. Bu məhdudiyyətlər təhlükəsizlik məqsədi daşıya bilər. Bu halda alternativ olaraq elektrik enerjisi üzrə daha əlverişli şərtlər yaradılmalıdır”.

Onun sözlərinə görə, belə hallarda yalnız limit tətbiqinin aradan qaldırılması deyil, eyni zamanda elektrik enerjisinin tariflərinin də daha ucuz olması zəruridir:

“Əgər qaz təminatı təhlükəsizlik səbəbilə məhdudlaşdırılacaqsa, həmin binalarda yaşayan vətəndaşların elektrik xərcləri məntiqi həddi aşmamalıdır. Bu zaman dövlət tərəfindən güzəştli tariflərin tətbiqi labüddür”.

Ekspertin fikrincə, sosial yönümlü yanaşma çərçivəsində qazsız yaşayış məntəqələri üçün xüsusi elektrik enerjisi güzəştlərinin müzakirəyə çıxarılması real və əsaslandırılmış addım ola bilər.
Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью