Bu virus 3700 il əvvəl yaranıbmış Tarixi əlyazma ARAŞDIRILDI

09.10.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Alimlər 3700 ildən çox yaşı olan qoyunçiçəyi virusunun izlərini qədim əlyazmalarda və heyvan qalıqlarında aşkar ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, “Science Advances” jurnalında dərc olunan araşdırmada qədim heyvan qalıqlarından və perqamentlərdən əldə edilən DNT nümunələri təhlil olunub.

Dublin Universitet Kollecinin (UCD) tədqiqatçıları gözlənilmədən X əsrin sonlarında hazırlanmış “York İncilləri” adlı əlyazmada qoyunçiçəyi virusunun izlərini aşkarlayıblar.

Bu əlyazma 900-cü illərin sonlarında Kenterberidə anqlosaks köçürücülər tərəfindən hazırlanıb. Daha sonra York kafedralına aparılıb və əsrlər boyu orada qorunub saxlanılıb.

Maraqlıdır ki, virusun DNT-si dana və keçi dərisindən hazırlanmış perqamentlərdə tapılıb. Alimlər bunun heyvan növləri arasında yoluxma və ya perqamentin hazırlanması zamanı baş vermiş çirklənmə ilə əlaqəli ola biləcəyini düşünürlər.

Tədqiqatçılar əlyazmalardan götürülən nümunələri Tunc dövrünə aid qoyun dişlərindən əldə edilmiş DNT ilə müqayisə ediblər. Nəticədə qoyunçiçəyi virusunun ən azı 3700 ildir ev heyvanları arasında yayıldığı müəyyənləşib.

Alimlərin sözlərinə görə, qədim dişlər minilliklər ərzində infeksiyaların genetik izlərini qoruyub saxlaya bilir. Bu isə keçmişdə baş vermiş xəstəlik epidemiyalarını öyrənmək üçün mühüm imkan yaradır.

Qoyunçiçəyi son dərəcə yoluxucu xəstəlikdir. Virus sürətlə yayılaraq qısa müddətdə sürünün böyük hissəsini yoluxdura bilər. Xüsusilə quzular üçün təhlükəli olan xəstəlik yüksək ölüm hallarına səbəb olur.

Xəstəlik heyvandarlıq təsərrüfatlarına da ciddi iqtisadi zərər vurur. Yoluxma nəticəsində ət, süd və yun istehsalı kəskin azala bilər. Bununla belə, qoyunçiçəyi virusunun insanları yoluxdurduğu məlum deyil.

Tədqiqat zamanı daha bir maraqlı məqam üzə çıxıb. Alimlər qoyunçiçəyi virusunun genetik quruluşunun bir neçə min il ərzində çox az dəyişdiyini müəyyən ediblər.

Mütəxəssislər hesab edirlər ki, bu xüsusiyyət virusun təkamülünü anlamağa və gələcəkdə xəstəliklə daha effektiv mübarizə üsulları hazırlamağa kömək edə bilər.

Hazırda da qoyunçiçəyi dünyanın müxtəlif ölkələrində heyvandarlıq üçün təhlükə olaraq qalır. Xüsusilə Yunanıstanda qeydə alınan xəstəlik ocaqları fermerlərə böyük iqtisadi zərər vurur.

Alimlər qədim DNT üzərində aparılan araşdırmaların təkcə keçmişi öyrənmək üçün deyil, müasir yoluxucu xəstəliklərlə mübarizə baxımından da əhəmiyyətli olduğunu vurğulayırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью