Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Xəbər verdiyimiz kimi, İsrail Hərbi Hava Qüvvələri tərəfindən həyata keçirilən hava zərbəsi nəticəsində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani həyatını itirib.
Məhz Laricani uzun illər İran hakimiyyətində ən nüfuzlu fiqurlardan biri kimi tanınırdı və ölkədə hakimiyyəti ələ ala biləcək əsas siyasi simalardan hesab olunurdu.
Eyni zamanda, İranın mərhum ali dini lideri Əli Xameneyiyə qarşı mümkün hücum ssenariləri və ya Laricani kimi təsirli şəxslərin sıradan çıxarılması ehtimalları regionda ciddi suallar doğurur.
ABŞ-nin konkret şəxsləri hədəf alan strategiyasının arxasında hansı məqsədlər dayanır? Ümumiyyətlə, bu tip hədəfə yönəlik əməliyyatlar nəyi hədəfləyir? Bu addımlar Vaşinqtonun İranda özünə daha yaxın siyasi qüvvələrin önünü açmaq məqsədi daşıyır?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, məhz İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürüməsində əsas məqsəd hakimiyyət daxilində boşluq yaratmaqdır:
“Əli Laricani də Əli Xameneyinin ən yaxın, bəlkə də ən etibarlı adamlarından biri hesab olunurdu. Deyilənlərə görə, o, cavanlığında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sıralarına qoşulub və bu qurumla ciddi əlaqələrə malik olub. Bu baxımdan o, ölkədəki SEPAH qüvvələri ilə yanaşı, digər hökumət strukturlarına da təsir göstərə, onların fəaliyyətini koordinasiya edə bilirdi.
Yəni Məsud Pezeşkiandan sonra, bəlkə də ondan da daha çox, İran hakimiyyətində ən nüfuzlu fiqurlardan biri hesab olunurdu. Zənnimcə, onun aradan götürülməsi hakimiyyətdə boşluq yaratmaq və idarəetməni zəiflətmək məqsədi güdürdü.
Bu addım, ümumilikdə, hakimiyyətin passivləşdirilməsinə yönəlmiş bir strategiyadır. Əli Laricaninin aradan götürülməsi İran hakimiyyətində tam bir idarəetmə boşluğu yarandı ki, bu da ölkənin idarə edilməsinə ciddi təsir göstərəcək”.
Politoloq bildirib ki, bu proses hələ uzun müddət davam edəcək, çünki qarşıda mürəkkəb bir keçid dövrü var:
“Mən Donald Trampın açıqlamalarına ehtiyatla yanaşmağın tərəfdarıyam. Fikrimcə, bu xəmir hələ çox su aparacaq. Qarşıda mürəkkəb bir keçid dövrü var. Mövcud molla teokratik hakimiyyəti aradan qaldırılmalıdır və tədricən dünyəvi modelə keçməlidirlər.
Yalnız bundan sonra bəlkə ümid yaranar ki, ölkədə sabitlik, idarəetmədəki xaos aradan qalxa bilər. Ölkə təxminən 6 aya və ya 1 ilə rəvan inkişaf yoluna çıxa bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: İran Qabil Hüseynli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin