Bu xəstəliyi olanların idmana başlaması məsləhət görülmür Həkim

03.08.2026

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İdman zalına gedənlərin sayı artdıqca, məşq proqramlarının kimlər tərəfindən və hansı meyarlar əsasında hazırlandığı da diqqət mərkəzinə gəlib. Xüsusilə tibbi təhsili olmayan məşqçilərin fərdi məşq proqramı tərtib etməsi sağlamlıq baxımından yarana biləcək risklərlə bağlı suallar doğurur.
Fitnes zallarında tibbi təhsilsiz məşqçilərin məşq proqramı tərtib etməsi sağlamlıq baxımından hər hansı risk daşıyır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, fitneslə məşğul olmaq ümumilikdə sağlam həyat tərzinin ən vacib komponentlərindən biridir və düzgün planlaşdırıldıqda sağlamlığa faydası risklərindən qat-qat çoxdur.
Onun sözlərinə görə, bu baxımdan insanlarda idmandan çəkinmək yox, əksinə, müntəzəm fiziki aktivliyə maraq yaratmaq daha vacibdir:
“Əlbəttə, hər bir fitnes məşqçisinin tibbi təhsilli olması zəruri deyil. Dünyanın əksər ölkələrində də fitnes məşqçiləri öz peşə hazırlığı və sertifikatları əsasında fəaliyyət göstərirlər. Lakin onlar sağlam insanlarla işlədiklərinin fərqində olmalı, hər hansı xəstəlik və ya risk faktoru aşkar etdikdə həmin şəxsi mütləq həkim müayinəsinə yönləndirməlidirlər.
Əgər insanın illik tibbi müayinələri normaldır, ürək-damar xəstəlikləri baxımından risk qrupunda deyil və hər hansı ciddi sağlamlıq problemi yoxdursa, peşəkar nəzarət altında fiziki aktivliklə məşğul olması onun sağlamlığına böyük fayda verəcək. Əsas məsələ məşq yükünün yaşa, fiziki hazırlıq səviyyəsinə və məqsədə uyğun olaraq mərhələli şəkildə artırılmasıdır.
Diqqət tələb edən qrup isə sinə ağrısı, təngnəfəslik, huş itirmə, nəzarətsiz yüksək təzyiq, məlum ürək-damar xəstəliyi və ya digər xroniki xəstəlikləri olan şəxslərdir. Bu hallarda məşq proqramına başlamazdan əvvəl həkim qiymətləndirməsi vacibdir.
Yəni məsələni “tibbi təhsili olmayan məşqçi işləyə bilməz” kimi təqdim etmək doğru yanaşma deyil. Daha düzgün yanaşma odur ki, hər kəs öz peşə səlahiyyəti çərçivəsində fəaliyyət göstərsin, məşqçilər riskli halları vaxtında müəyyən etsin və lazım gəldikdə şəxsi həkimə yönləndirsinlər. Bu əməkdaşlıq həm insanların təhlükəsizliyini təmin edir, həm də cəmiyyətdə sağlam həyat tərzinin inkişafına xidmət edir”, - deyə Rəşad Mahmudov fikrini tamamlayıb.
Nuray Paşşanlı
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью