Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
“Ötən dövr ərzində fəaliyyətimiz rəqəmsal inkişaf konsepsiyasının icrasına fokuslanıb. 25 dövlət qurumu ilə 17 yol xəritəsi hazırlanıb. Bir sıra layihələr artıq yekunlaşıb. TƏBİB, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və digər qurumlarla birgə xidmətlər artıq rəqəmsallaşdırılıb, digər qurumlarla da bu istiqamətdə iş gedir”.
“Qafqazinfo” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanov bildirib.
2025-ci il üzrə göstəricilərə nəzər salan F.Osmanov qeyd edib ki, “Mygov” platforması üzrə vətəndaşlara 400-dən çox xidmət təqdim olunur: “2025-ci ildə bu xidmətlərdən istifadə edənlərin sayı 1 milyonun üzərindədir. Ailə vəziyyəti haqqında, məhkumluq haqqında və digər arayışların verilməsi, işə götürülərkən elektron müqavilələrin imzalanması və s. bu xidmətlərə daxildir. Vətəndaş öz məlumatlarını öz razılığı əsasında üçüncü tərəfə ötürə bilir”.
Fərid Osmanov bu il sənəd dövriyyəsinin rəqəmsal formada aparıldığını, bununla da 5700 ağaca qənaət olunduğunu bildirib: “2025-ci il ərzində rəqəmsal hökumətə inteqrasiya edən qurumların sayı 1319 olub. Ümumilikdə 31 milyon sənədə qənaət edilib”.
Gülnar Əliyeva