Bu yolda təhlükə var: Sürücülər təmir zonasını son anda görürlər VİDEO

10.08.2026

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda (Bakı istiqamətində) təhlükəli vəziyyət kameraya düşüb.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videogörüntü göndərərək məlumat verib. Hadisə avqustun 7-də günorta saatlarında, Acıdərə çayını keçdikdən sonrakı hissədə qeydə alınıb.

Kadrlardan görünür ki, yolun sol hərəkət zolağı təmir işləri ilə əlaqədar yol konusları ilə bağlanıb. Lakin təmir zonasına yaxınlaşan sürücülərin əvvəlcədən məlumatlandırılması üçün zəruri xəbərdaredici yol nişanları və ya istiqamətləndirici nişanlanma quraşdırılmadığından, həmin zolaqda hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri maneə ilə son anda qarşılaşırlar. Bu isə qəfil zolaq dəyişmələrinə və qəza riski yaradan vəziyyətlərin yaranmasına səbəb olur.

Videonu qeydə alan avtomobilin sürücüsü də yol konuslarını son anda görərək anidən dayanıb. Görüntülərdən aydın olur ki, əvvəlcədən xəbərdarlıq edilsəydi, sürücülər hərəkət zolağını vaxtında dəyişə və təhlükəli vəziyyət yaranmazdı.

Qeyd edək ki, yol təmiri aparılan sahələrdə sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə müvəqqəti yol nişanlarının, istiqamətləndirici vasitələrin və digər texniki hərəkətin təşkili elementlərinin əvvəlcədən quraşdırılması vacibdir. Bu cür xəbərdarlıq vasitələrinin olmaması sürücülərin gözlənilməz maneə ilə üzləşməsinə və yol-nəqliyyat hadisəsi riskinin artmasına səbəb ola bilər.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью