Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqlar zamanı Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov Rusiya nümayəndə heyətinin üzvü general Dmitri Minayevlə görüşüb. Minayev Rusiya Federal Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyatına rəhbərlik edir və Rusiya nümayəndə heyətinin tərkibində olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Minayev Budanova qarşı çoxsaylı sui-qəsdlərdən birinin təşkilatçısı olub. Belə ki, 2019-cu ildə ona qarşı sui-qəsdi məhz Minayev təşkil edib. Həmin sui-qəsd cəhdi 4 aprel 2019-cu ildə Kiyevdə baş verib. O vaxt Budanov Hərbi Kəşfiyyatın zabiti olub. O gün Kiyevin Qoloseyevski rayonunda Budanovun "Chevrolet Evanda" avtomobili partlayıb. Lakin partlayış zamanı Budanov avtomobildə olmayıb. Partlayışın təsadüfən baş verdiyi bildirilir. Belə ki, rusiyalı agentlərdən biri partlayıcı maddəni avtomobilə yerləşdirərkən ehtiyatsızlıqdan partlayış törədib. Nəticədə öz qolunu itirib. Hadisəni törədənlər Aleksey Komariçev və Timur Dzortov sonradan saxlanılıblar. Məhkəmə onları yeddi və səkkiz il müddətinə azadlıqdan məhrum edib. 2024-cü ildə onlardan biri, Timur Dzortov, əsir mübadiləsi çərçivəsində Rusiyaya təhvil verilib.
Məlumatda qeyd edilir ki, dünən Budanovla Minayev arasındakı görüş Əbu-Dabidəki beşulduzlu “Emirates Palace Mandarin Oriental” otelində baş tutub və orada müharibənin bitməsi ilə bağlı iki günlük danışıqlar aparılıb.
Dmitri Minayev, Rusiya nümayəndə heyətinin tərkibindəki ekspert qrupunda FSB-nin Beşinci Xidmətinə başçılıq edən Aleksey Komkovla birgə təmsil olunub. Məlumatda o da qeyd edilir ki, Dmitri Minayev Rusiya təhlükəsizlik orqanlarında karyera qursa da, əslən Ukraynadandır.
“AzPolitika.info”