Icma.az bildirir, Azertag portalına istinadən.
Budapeşt, 15 noyabr, AZƏRTAC
Budapeştdə lll Azərbaycan nar festivalı keçirilib. Tədbir Azərbaycanın zəngin mədəni irsini, milli ənənələrini və qastronomiyasını macar auditoriyasına tanıtmağa xidmət edib.
AZƏRTAC xəbər verir ki, festival Timea Törökün Azərbaycan turizmi, tur bələdçiliyi və ekskursiya proqramı çərçivəsində, Budapeştdəki Azərbaycan Evi ilə əməkdaşlıq şəraitində təşkil olunub.
Bildirilib ki, festivalın Macarıstanda üçüncü dəfə təşkili Azərbaycan mədəniyyətinə, mətbəxinə və ənənələrinə artan marağın göstəricisidir. Azərbaycan mədəniyyətində nar sadəcə meyvə deyil, o, bolluğu, məhsuldarlığı, rifahı, birliyi və sevinci təcəssüm etdirən milli simvoldur. Ölkənin mədəni irsində köklü iz buraxan nar ənənələrimizdə, folklorumuzda, incəsənətimizdə və qastronomiyamızda mühüm yer tutur.
Festivalın məqsədi Azərbaycanın mədəni kimliyinin bu mühüm elementini macar auditoriyasına tanıtmaq, eyni zamanda, ölkəmizin ənənələrini, dəyərlərini və zəngin qonaqpərvərliyini kəşf etmək imkanı yaratmaq olub.
Azərbaycan qastronomiyasının təqdimatı ilə yanaşı, tədbir iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi, dialoqun təşviqi, yeni dostluqların qurulması və müxtəlif təbəqələrdən olan insanların ortaq mədəni dəyərlər vasitəsilə yaxınlaşması üçün mühüm platforma rolunu oynayıb.
Timea Törökün turizm və mədəniyyət proqramının mühüm məqsədlərindən biri Azərbaycanı yalnız cəlbedici turizm məkanı kimi deyil, həm də zəngin tarixi irsə, canlı mədəni həyata və özünəməxsus milli ənənələrə malik ölkə kimi təqdim etməkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt