Ayna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Parlament 2027-ci il dövlət büdcəsi haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib
Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam etdirilib. Parlamentin növbəti plenar iclasında hökumət üzvləri iştirak ediblər. İclasın gündəliyinə 11 məsələ daxil edilib. Onlardan səkkizi 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan sənədlər olub.
İclasda deputatlar büdcə layihəsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.
Xanım deputat Elnarə Akimova 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışında deyib ki, Azərbaycanda elmin inkişafı üçün dövlət tərəfindən investisiyalar qoyulsa da, alimlərin maddi rifahı və gənc tədqiqatçıların dünyanın aparıcı elm mərkəzlərində təmsil olunması məsələləri xüsusi diqqətdə saxlanılmalıdır.
“Ədəbi nəşrlər hələ də 1997-ci ilin büdcəsi ilə işləyir”
Onun sözlərinə görə, Azərbaycan alimlərinin beynəlxalq elmi mühitə inteqrasiyası, onların qabaqcıl tədqiqat mərkəzlərində fəaliyyət göstərməsi və elmi araşdırmalar üçün lazımi imkanlarla təmin olunması ölkənin elmi potensialının gücləndirilməsi baxımından vacibdir.
Akimova gələn ilin büdcə layihəsində alimlərin sosial-iqtisadi rifahının da nəzərə alınacağına ümid etdiyini bildirib.
Deputat ədəbi mətbuat nümunələrinin maliyyələşdirilməsi məsələsinə də toxunub: ““Ədəbiyyat qəzeti”, “Ulduz”, “Azərbaycan” və “Qobustan” jurnallarının 1997-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq sərəncamı ilə dövlət büdcəsindən maliyyələşdirilməsinə başlanılıb. Lakin həmin nəşrlər bu gün də o dövrdə müəyyənləşdirilmiş büdcə ilə fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, maliyyələşməyə yenidən baxılmasına ehtiyac var”.
“Aparıcı dövlətlərlə strateji tərəfdaşlıq Azərbaycanın orta güc kimi artan nüfuzunun göstəricisidir”
“Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir”. Bu sözləri isə deputat Rizvan Nəbiyev səsləndirib.
Millət vəkili bildirib ki, 2027-2028-ci illərdə planlaşdırılan beynəlxalq tədbirlər də çoxtərəfli diplomatiyada artan Azərbaycanın rolunun göstəriciləridir: “Belə ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində sədrliyimiz növbəti 2 il uzadılıb: "2027-ci ildə Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə sədrlik edəcəkdir. Gələn il həmçinin Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının XVI Zirvə görüşünə ev sahibliyi edəcək və İƏT-ə sədrliyi qəbul edəcək. 2028-ci ildə isə ilk dəfə MDB-yə sədrlik nəzərdə tutulur. Bunlar ona görə mümkün olacaq ki, Azərbaycan özü təkbaşına işğala son qoyub, eyni zamanda bölgədə yeni reallıqlar yaradıb. 2028-ci ilin mayında 47 üzv dövlətin yer aldığı Avropa Siyasi Birliyinin Zirvə görüşünün Azərbaycanda keçirilməsi də ölkəmizin beynəlxalq dialoq platforması kimi rolunu gücləndirəcək. Azərbaycan yaxın iki ildə Türk dünyası, Mərkəzi Asiya, İslam dünyası, MDB və Avropa siyasi məkanında çoxtərəfli diplomatiyanın fəal iştirakçısı kimi çıxış edəcək”.
“Azərbaycanın etibarlı tərəfdaş və orta güc kimi artan nüfuzunun göstəricilərindən biri dünyanın aparıcı dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsidir. Ümumilikdə 30 dövlətlə strateji tərəfdaşlığın qurulması həm də bu dövlətlərin ölkəmizlə münasibətlərə verdiyi dəyərin göstəricisidr. Xüsusilə yalnız cari il ərzində Böyük Yeddiliyə daxil olan ABŞ, Almaniya və Böyük Britaniya ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması Prezident İlham Əliyevin həyata keçirdiyi mükəmməl xarici siyasət strategiyasının mühüm nəticələrindəndir. İtaliya da daxil olmaqla, Azərbaycanın Böyük Yeddiliyin dörd üzvü ilə strateji tərəfdaşlıq münasibətləri qurması Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərdə artan rolunun təsdiqi, Prezident İlham Əliyevin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir. Müdafiə təhlükəsizlik və müdafiə sənayesi sahələrində yeni siyasi reallıq şəraitində əməkdaşlıq mümkün olacaq. ABŞ, Böyük Britaniya və Almaniya ilə imzalanmış strateji xarakterli sənədlər həmçinin rəqəmsal inkişaf sahələrində də əməkdaşlıq üçün ümumi çərçivəni müəyyən edir. Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Rəqəmsal İnkişaf Şurasının hədəflədiyi 58 təşəbbüsün reallaşdırılmasına həm də beynəlxalq səviyyədə dəstəyin verilməsi üçün baza deməkdir”, - Nəbiyev qeyd edib.
“Abşeronun mövcud xəstəxana infrastrukturu artan tələbatı qarşılamaq üçün kifayət etmir”
Başqa bir məsələdən danışan deputat deyib: “Rəsmi məlumatlara görə, Abşeron rayonunda 400 mindən çox insan yaşayır. Lakin faktiki əhalinin sayı bundan xeyli artıqdır. Bu isə kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna ciddi əlavə yük yaradır. Rayonun mövcud xəstəxana infrastrukturu artan tələbatı qarşılamaq üçün kifayət etmir. Abşeron mühüm nəqliyyat qovşağıdır. Buradakı tibb müəssisələrinə rayon sakinləri ilə yanaşı, təcili tibbi yardıma ehtiyac duyan digər vətəndaşlar da müraciət edirlər”.
Deputat İqtisadiyyat və Səhiyyə nazirliklərini Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirməyə çağırıb.
“Hövsan kanalının vəziyyəti ciddi narahatlıq doğurur”
Xanım deputat Sevinc Fətəliyeva isə çıxışında qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış 1376 hektardan artıq ərazidə məktəb, uşaq bağçası, poliklinika, kitabxana, mədəniyyət evi, poçt və digər zəruri xidmət obyektləri yoxdur. Millət vəkili həmin ərazinin inkişafı üçün kompleks infrastruktur planının hazırlanmasını təklif edib.
S.Fətəliyeva Suraxanı rayonunun Hövsan və Yeni Suraxanı qəsəbələrində sakinləri narahat edən digər problemləri də hökumət üzvlərinin diqqətinə çatdırıb: “Hər iki qəsəbədə köhnəlmiş su borularının dəyişdirilməsinə, mərkəzləşdirilmiş su və kanalizasiya şəbəkələrinin qurulmasına ehtiyac var. Qəsəbədaxili yolların təmiri və küçələrin işıqlandırılması da sakinlərin ən çox müraciət etdiyi məsələlərdəndir. Eyni zamanda, Hövsan kanalının vəziyyəti ciddi narahatlıq doğurur. Kanalın açıq vəziyyətdə olması sakinlərin gündəlik həyatına mənfi təsir göstərir, məişət və texniki suların Xəzər dənizinə axıdılması isə ekoloji problem yaradır. Kanalın yenidən qurulması və müasir təmizləyici qurğuların inşası məsələsinə xüsusi diqqət yetirilsə, çox yaxşı olar”.
S.Fətəliyeva Hövsandakı 118 və Yeni Suraxanıdakı 316 nömrəli tam orta məktəblərdə şagird sıxlığının aradan qaldırılması üçün əlavə tədris korpuslarının tikilməsini də təklif edib: “Əhalinin artmasını nəzərə alaraq Hövsanda geniş profilli stasionar tibbi xidmət göstərən müasir xəstəxananın inşasına ehtiyac var. Əvvəlki dövlət proqramlarında nəzərdə tutulmuş, lakin icrası tamamlanmamış məktəb və bağça layihələrinə də yenidən baxılması vacibdir. Buraya Hövsanda yeni məktəb və uşaq bağçalarının tikintisi, 203 nömrəli körpələr evi-uşaq bağçasının yenidən qurulması, eləcə də Yeni Suraxanıda yeni bağçanın inşası daxildir”.
Deputat iş axtaran gənclərin peşə bacarıqları qazanması üçün rayonda müasir texniki-peşə təhsili müəssisəsinin yaradılmasının vacibliyindən də danışıb: “Xahiş edirəm ki, sadalanan məsələlərin həlli 2027-ci ilin investisiya və infrastruktur proqramlarında nəzərə alınsın”.
Deputatdan çağırış: “Yataqxanalarda yaşayanlar Qarabağa tez köçürülsün”
Deputat Eldar Quliyev “Böyük Qayıdış” proqramı çərçivəsində təhsil müəssisələrinin yataqxanalarında məskunlaşmış keçmiş məcburi köçkünlərin ilk növbədə köçürülməsini təklif edib. Millət vəkili bildirib ki, torpaqlarımızın işğalından sonra məcburi köçkünlərin bir hissəsi təhsil müəssisələrinin yataqxanalarında yerləşdirilib. Onların doğma yurdlarına qayıdışına üstünlük verilməsi tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına da imkan yaradar: “Hazırda “Böyük Qayıdış” uğurla davam edir. Yaxşı olardı ki, bu proqram çərçivəsində ilk növbədə yataqxanalarda məskunlaşmış əhalinin köçürülməsi təmin edilsin. Belə olarsa, yataqxanalara ehtiyacı olan tələbələr üçün əlverişli şərait yaratmaq mümkün olar”.
Komitə sədri: “Tələbə kreditlərinin verilməsi qaydaları dəyişdirilsin”
“Təhsil haqqını ödəmək imkanı olmayan tələbələrin kredit əldə etməsi üçün mövcud mexanizmə yenidən baxılmalıdır. Gələn il təhsil tələbə kreditlərinin verilməsi üçün 31 milyon manat ayrılması nəzərdə tutulur”. Bu sözləri deputat Anar İsgəndərov deyib. Millət vəkili Təhsil Tələbə Krediti Fondunun mexanizmlərinin ehtiyacı olan hər bir tələbənin kreditdən yararlana biləcəyi şəkildə təkmilləşdirilməsini vacib sayıb: “Təhsil haqqını ödəmək imkanı olmayan və müraciət edən tələbələrin kredit əldə etməsi üçün müvafiq dəyişikliklər edilməlidir. 2027-ci ildə təhsil xərclərinə 5 milyard 99 milyon manat ayrılması planlaşdırılır. Bu, 2026-cı illə müqayisədə 562 milyon manat, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə isə 479,5 milyon manat çoxdur. Təhsil xərclərinin dövlət büdcəsi xərclərində payı 12 faiz təşkil edir”.
Təklif: Gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün güzəşt və stimullar artırılsın
Deputat gənc müəllimlərin kənd məktəblərinə cəlb olunması üçün güzəşt və stimulların artırılmasını da təklif edib. Bildirib ki, ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12 600-dən çox gəncin kənd rayonlarında işlə təmin olunması üçün büdcədə 20,9 milyon manat nəzərdə tutulub. Onun fikrincə, gənc müəllimlərin kəndlərdə işləməsi üçün yalnız təbliğatla kifayətlənmək olmaz, buna mane olan səbəblər aradan qaldırılmalıdır.
“Müəllimlərin sertifikasiyası və uğur qazananların diferensial əməkhaqqı sisteminə cəlb olunması üçün 286,4 milyon manat ayrılacaq. Sertifikasiya prosesində şəffaflığın artırılması, məktəb və uşaq bağçalarının tikintisi və təmirinə daha çox vəsait yönəldilməsini vacibdir”, - deyə vurğulayıb.
Deputat dağlıq rayonlarda şagird sayının ildən-ilə azalması ilə bağlı köklü qərarların qəbul edilməsinə də çağırıb.
Millət vəkili əlavə edib ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti üçün 6 milyon manat, Qarabağ Universiteti üçün isə 51 milyon manat ayrılması nəzərdə tutulur.
Layihəsi birinci oxunuşda qəbul edilib
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib. Qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 254 000,0 min manat, xərcləri 42 400 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 518 425,0 min manat, yerli gəlirləri 735 575,0 min manat, mərkəzləşdirilmiş xərcləri 41 664 425,0 min manat, yerli xərcləri 735 575,0 min manat) məbləğində proqnozlaşdırılır.