Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İkinci Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən panel iclasında çıxış edən maliyyə naziri Sahil Babayev Azərbaycanın makro-fiskal göstəriciləri, gələcək iqtisadi hədəfləri və azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa işləri barədə mühüm məlumatlar açıqlayıb.
Modern.az xəbər verir ki, nazir çıxışında ölkə iqtisadiyyatının son illərdəki sabit artım dinamikasına və neft sektorundan asılılığın əhəmiyyətli dərəcədə azaldılmasına diqqət çəkib.
Maliyyə naziri bildirib ki, 2021–2025-ci illəri əhatə edən beşillik dövrdə Azərbaycanda qeyri-neft ÜDM-nin ümumi artımı 6 faizdən çox olub:
"20 il əvvələ nəzər salsaq görərik ki, Azərbaycanda ÜDM-in əsas hissəsini neft-qaz sektoru təşkil edirdi. Lakin həyata keçirilən şaxələndirmə və fiskal islahatlar sayəsində bu gün ÜDM-də qeyri-neft iqtisadiyyatının payı 70 faizdən çoxdur. Cəmi iki il ərzində dövlət büdcəsinin neft gəlirlərindən asılılığını 55 faiz səviyyəsindən endirməyə nail olmuşuq. Növbəti üç ildə bu göstəricini daha 10 faiz azaltmağı planlaşdırırıq. Hədəfimiz 2027–2030-cu illərin sonunadək büdcə gəlirlərində neftin payını 30 faizə endirmək, 70 faizini isə qeyri-neft sektorundan təmin etməkdir".
Sahil Babayev Azərbaycanın xarici borc öhdəlikləri və strateji ehtiyatlarının həcmi barədə də statistik göstəriciləri diqqətə çatdırıb: Dövlət borcu ümumi dövlət borcu ÜDM-in təxminən 17 faizini təşkil edir ki, bu da dünyada en aşağı göstəricilərdən biridir.Ümumi xarici dövlət borcu ÜDM-in cəmi 6 faizi civarındadır.Ölkənin strateji valyuta ehtiyatları ümumi xarici borcdan təxminən 10 dəfə çoxdur.Son 5 ildə ardıcıl olaraq ÜDM-in 3 faizindən çox büdcə profisiti qeydə alınıb.
Nazir vurğulayıb ki, bu göstəricilər və makroiqtisadi sabitlik "Fitch" və "Moody's" kimi beynəlxalq reytinq agentlikləri tərəfindən Azərbaycana investisiya səviyyəli reytinqlərin verilməsini təmin edib.
"Azad edilmiş ərazilərə 15 milyard dollardan çox sərmayə yatırılıb".
Dövlət büdcəsinin 30 faizinin investisiya yönümlü olduğunu deyən Sahil Babayev azad edilmiş ərazilərdəki layihələrdən danışıb:
"Son 5 ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarına 15 milyard dollardan çox vəsait yatırılıb. Şəhərsalma, mənzil tikintisi və infrastruktur layihələri fəal şəkildə davam etdirilir. Məqsədimiz keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışını və orada ləyaqətlə yaşamalarını təmin etməkdir. Bununla yanaşı, ölkənin digər bölgələrinə də 10 milyard dollardan artıq investisiya qoyulub. Ümumilikdə son 5-6 ildə investisiya portfeli 25 milyard dollar təşkil edib".
Nazir əlavə edib ki, növbəti dövrdə turizm, kənd təsərrüfatı, metallurgiya və rəqəmsallaşma sahələrinə dövlət proqramları çərçivəsində daha 3 milyard dollar vəsaitin ayrılması nəzərdə tutulur.
Azərbaycanın Beynəlxalq Maliyyə Qurumları (BMQ) ilə əməkdaşlığına toxunan nazir, Dünya Bankı, EBRD, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankı kimi təşkilatlarla birgə portfelin 16 milyard dolları ötdüyünü diqqətə çatdırıb.
Sahil Babayev xüsusilə vurğulayıb ki, BMQ-larla tərəfdaşlıq yalnız maliyyə resursu deyil, həm də qabaqcıl beynəlxalq təcrübənin, yüksək texnologiyaların və strateji planlaşdırma modelinin ölkəyə gətirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir.
Çıxışının sonunda maliyyə naziri forum iştirakçılarını və xarici tərəfdaşları Azərbaycanın iqtisadi diversifikasiya siyasətində və yeni investisiya layihələrində fəal iştirak etməyə çağırıb.