Büdcəmiz ölkəmizin daha da gücləndirilməsinə xidmət etməlidir

17.11.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"2027-ci il dövlət büdcəsinin layihəsi ölkəmizin qarşıdakı dövr üçün əsas inkişaf hədəflərinin və dövlətin sosial siyasətinin maliyyə təminatının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Asif Əsgərov 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirdi.

O hesab edir ki, bu büdcəni yalnız gəlir və xərclər smetası deyil, qarşıdakı illərdə strateji hədəflərin həyata keçirilməsinin və yeni inkişaf mərhələsinə keçidin maliyyə təminatı kimi qiymətləndirmək olar:

"Xüsusilə qeyd etmək istəyirəm ki, büdcəmiz cari iqtisadi əməliyyatlarla yanaşı, ölkəmizin iqtisadi siyasətinin, regional mövqeyinin və iqtisadi dayanıqlığının daha da gücləndirilməsinə xidmət etməlidir. Bu tarixi nəticələrin əldə olunmasında güclü siyasi iradə, ardıcıl dövlət siyasəti və iqtisadi imkanlarımızın düzgün səfərbər edilməsi mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramı çərçivəsində aparılan işlərin miqyası bunu açıq şəkildə göstərir. Müasir infrastrukturun yaradılması və həmin ərazilərin iqtisadi həyata inteqrasiyası ölkəmizin gələcək inkişafının mühüm istiqamətlərindəndir".

A.Əsgərov hesab edir ki, eyni zamanda, ölkəmizin nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji təhlükəsizliyinin artırılması və Azərbaycanın regional və qlobal iqtisadi proseslərdə mövqeyinin daha da gücləndirilməsi vacibdir:

"Büdcə layihəsində təhlükəsizlik və milli təhlükəsizlik məsələlərinə ayrılan diqqət mövcud geosiyasi reallıqlar baxımından yüksək əhəmiyyət daşıyır. Bununla yanaşı, elm, təhsil, sənaye, kənd təsərrüfatı, səhiyyə və sahibkarlığın dəstəklənməsi iqtisadi dayanıqlığın əsas şərtlərindəndir. Sosial müdafiəyə, təhsilin keyfiyyətinin yüksəldilməsinə və insan kapitalının inkişafına yönələn xərclər isə iqtisadi inkişafın nəticələrinin insanların gündəlik həyatında daha aydın hiss olunmasına xidmət edir".

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью