Buğaçda “Qurultay”: macar ənənələri və köçəri xalqların irsi

17.08.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Budapeşt, 17 avqust, AZƏRTAC

“Daily News Hungary” nəşrində Macarıstanın Buğaç şəhərində keçirilən və müxtəlif ölkələrdən minlərlə iştirakçı ilə qonağı bir araya gətirən ənənəvi irs festivalı – “Qurultay” haqqında geniş məqalə dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalədə tədbirin Karpat hövzəsində fəaliyyət göstərən macar mədəni-ictimai təşkilatlarının nümayəndələrini, eləcə də Mərkəzi Asiya dövlətlərindən olan iştirakçıları bir araya gətirdiyi bildirilir. Festival proqramının əsasını atçılıq nümayişləri, oxatma, ənənəvi döyüş sənətləri, musiqi, rəqs, mühazirə, sərgi və yarışlar təşkil edir. Tarixi geyim və zirehlərdə olan atlılarla piyada döyüşçülərin təntənəli paradı isə tədbirin ən diqqətçəkən hissələrindəndir.

Nəşr yazır ki, “Qurultay”ın müasir tarixi 2007-ci ildə Qazaxıstanda başlayıb, Macarıstandakı analogiyası isə 2008-ci ildən təşkil olunur. Macarıstan Turan Fondunun təşkilatçılığı ilə keçirilən festivalın məqsədi mədəni irsi qorumaq və kökləri Şərqin qədim köçəri mədəniyyətlərinə bağlanan xalqlar arasında əlaqələri möhkəmləndirməkdir.

Məqalədə, həmçinin “Qurultay”ın beynəlxalq miqyasda artan populyarlığı və Macarıstanda tədbirə göstərilən böyük ictimai maraq xüsusi vurğulanır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью