Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Gülnar Əhmədli, Banco.az
IAOM-un (International Association of Operative Millers) məlumatına görə, illik 32 milyon ton istehsal gücünə malik Türkiyənin un sektoru qlobal un ticarətinin 23 faizini təşkil edir. Türkiyə 11 ildir dünyanın ən böyük un ixracatçısıdır.
ABŞ mərkəzli, 130 illik IAOM-un Avrasiya üzrə regional rəhbərliyini də Türkiyə həyata keçirir. Avrasiya regionuna 32 ölkə daxildir. 2 milyarddan çox əhalisi və 7,1 trilyon dollarlıq iqtisadiyyatı olan region dünya buğda istehsalının 30 faizini, qlobal un ixracının isə 55 faizini təşkil edir.
IAOM Avrasiya Konfransı və Sərgisi ilk dəfə sentyabrın 28-29-da Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək. Tədbirdə Rusiya, Ukrayna, Mərkəzi və Şərqi Avropa, Baltikyanı ölkələr, Qazaxıstan, Mərkəzi Asiya respublikaları, ABŞ, Yaxın Şərq və Afrikadan 1 000-dən çox sektor nümayəndəsinin iştirakı gözlənilir.
Konfransda taxıl, un, makaron, bulqur və yem istehsalçıları, eləcə də dəyirman avadanlıqları, laboratoriya, logistika, anbar və qablaşdırma sahələrində fəaliyyət göstərən şirkətlər bir araya gələcək.
IAOM Avrasiya üzrə regional rəhbəri Eren Günhan Ulusoy qlobal taxıl bazarındakı vəziyyət və Türkiyənin buğda istehsalı ilə bağlı qiymətləndirmələrini açıqlayıb.
Rusiya və Ukraynanın ixracındakı problemlər bazara təsir edir
Ulusoy bildirib ki, Rusiya-Ukrayna müharibəsi son dövrdə liman infrastrukturlarının və yük gəmilərinin birbaşa hədəfə alındığı mərhələyə keçib. Onun sözlərinə görə, bu vəziyyət 2022-ci ildəki ilk böhranla müqayisədə daha həssas xarakter daşıyır.
2022-ci ildə müharibənin ilk mərhələsində Ukrayna limanları bağlı, Rusiya limanları isə açıq idi. Hazırda isə hər iki ölkənin logistika və liman infrastrukturları, o cümlədən İzmail və Qara dəniz marşrutları qarşılıqlı hücumların hədəfinə çevrilib.
Dünya buğda tədarükünün təxminən 30 faizini təmin edən Rusiya və Ukraynanın ixrac imkanlarındakı problemlər qlobal bazara birbaşa təsir göstərir. ABŞ Kənd Təsərrüfatı Nazirliyinin son proqnozlarına əsasən, logistika məhdudiyyətləri səbəbindən Rusiyanın ixrac gözləntisi 43-46 milyon tona, Ukraynanın isə 13,5 milyon tona qədər azalıb.
Türkiyədə buğda istehsalında rekord gözlənilir
Ulusoyun sözlərinə görə, qlobal bazarlarda artan gərginlik və qiymət dalğalanmalarına baxmayaraq, Türkiyə daxili bazarda əlverişli mövqedədir.
Bu il ölkədə taxıl istehsalının olduqca məhsuldar keçdiyini bildirən Ulusoy yağıntıların ötən illə müqayisədə 76 faiz artdığını qeyd edib. Onun sözlərinə görə, buğda istehsalında yeni rekord gözlənilir və buğda istehsalının 24,5 milyon ton olacağı proqnozlaşdırılır.
Ulusoy bildirib ki, uğurlu yerli məhsul yığımı və güclü ehtiyatlar sayəsində Türkiyə qlobal bazarda yaşanan qısamüddətli tədarük böhranından ciddi şəkildə təsirlənmir. Daxili bazarda yaxın və orta müddətdə təklif və ya tədarük problemi gözlənilmir.
Avropada quraqlıq məhsuldarlığı azaldır
Avropada şiddətli quraqlığın məhsuldarlığa mənfi təsir etdiyini bildirən Ulusoy qeyd edib ki, bu vəziyyət Türkiyənin regional bazarlardakı mövqeyini gücləndirir.
Onun sözlərinə görə, qlobal buğda ticarətində Rusiya və Ukraynanın ixrac payı azalır, ABŞ, Kanada və Qazaxıstan kimi ölkələr isə bazarda daha fəal rol oynayır. İşlənmiş taxıl məhsullarında Türkiyə Avropada yaranan tələbatı qarşılaya və yeni bazarlardakı mövqeyini gücləndirə biləcək əsas ölkələrdən biridir.
Ulusoy həmçinin bildirib ki, konfransın bu il ilk dəfə Daşkənddə keçirilməsi Özbəkistanın region üçün strateji əhəmiyyəti ilə bağlıdır. Özbəkistan güclü dəyirman sənayesi və Qazaxıstandan əldə etdiyi buğda hesabına qonşu ölkələrə un ixracı ilə seçilir.
Qara dənizdəki problemlər fonunda buğda qiymətlərinin yüksəldiyi və yeni ticarət marşrutlarının formalaşdığı bir vaxtda keçiriləcək konfransın əvvəlki illərlə müqayisədə daha böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!