“Bugum buğum dən yetişər sünbüldə…”(M. Aslan)

29.10.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əziz dostum Məhəmmədhaqqı müəllimin 70 yaşına ünvanladığım bu yazını xalqımızın mərhum şairi Məmməd Aslanın sözləri ilə başlamağım təsadüfi deyil. Məhəmmədhaqqı Ağayevlə 1993-cü ilin aprelində- mənfur erməni işğalı üzündən İsmayıllı rayonunda məskunlaşandan tale yollarımız  qovuşub.  Kəlbəcərsiz qaldığımız 28 illik ağır həsrət illərində  isti və inamlı münasibəti ilə ilk günlərdən yanımızda olub, acıları unutmağımıza (Xalq şairi MusaYaqubun sözləri ilə desək, “Öyrəşməyimizə”), şərhə sığışmayan uzun ayrılıq illərində Qərbi Ermənistandan, Özbəkistandan, Qarabağdan və ətraf rayonlardan pənah  gətirmiş fəlakətzədələrə qucaq açmış İsmayıllının əsl simasına çevrilib Haqqı müəllim. Yüzlərlə ailənin sevgisinin təməlini məhz  həmin ağır günlərdən qazanıb. Möhtəşəm Zəfərimizə qədər İsmayıllı rayonunda  yaşayan uşaqlı-böyüklü qəriblərə maddi və mənəvi dəstək göstərib, onların güvənc yerinə, sevimlisinə çevrilməyi bacarıb.

Kəlbəcərin Başlıbel kəndində murdar düşmənlərimizin yandırıb xarabalığa çevirdiyi evimizin  yerində 2026-cı ilin yayında dikəltmək istədiyim çardağın altında  uzaq yolu yaxın edib görüşümüzə gələn Məhəmmədhaqqı müəllimlə içdiyimiz samovar çayı yuxarıda qeyd etdiyim isti  və həssas dostluğun bariz nümunəsi deyil, bəs nədir?

Qoşakənd kənd orta məktəbində birgə çalışdığımız 1993-1999-cu illərdə o ixtisasını dərindən bilən riyaziyyat müəllimi, səriştəli məktəb direktoru, pedaqoji kollektivin hər bir üzvünün qayğı və problemlərinə həssaslıqla yanaşan rəhbər kimi xarakterinin yeni cəhətlərini üzə çıxardı. Rəhbərliyi dövründə Qoşakənd kənd orta məktəbi rayonun təhsil uğurları ilə fərqlənən məktəbləri sırasında şərəfli yerlərdən birinə yüksəldi. Kollektivdaxili münasibətlər iş yoldaşları çərçivəsindən mütəşəkkil komanda dostluğuna çevrildi. Onun hər bir müəllimin dostu, arxadaşı olmağı bacarması sayəsində cavan ikən sevilən dosta, ağsaqqala çevrildiyini zaman-zaman hər birimiz məmnuniyyətlə izləyirdik. Üzərində ailəsinin, daşıdığı soyadın və yaşadığı Təzəkənd kəndinin çoxlu qayğıları olsa da, ən çətin anlarda pedaqoji kollektivin üzvləri də, hətta Qoşakəndin şagird-valideyn nümayəndələri də Məhəmmədhaqqı müəllimin dəstəyinə ümid edirdilər. O isə bütün göstərdiyi həssaslıqdan məmnunluq hissi yaşaya-yaşaya növbəti alicənablıqlara can atırdı.Şair dostumuz Maarif Soltanın təbirincə, Məhəmmədhaqqı müəllim YAXŞI ADAMdır.Əgər insanın təkrar doğuluşu mümkün olsaydı, inanıram ki, Haqqı müəllim daha artıq yaxşılıq edərdi.

İsmayıllı RTŞ-də çalışdığı illər də Haqqı müəllimin bioqrafiyasının yaddaqalan dövrüdür. Rayonda təhsilin inkişafında yorulmadan çalışmaqla yanaşı, İsmayıllının iqtisadi-mədəni və sosial həyatının canlanmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə fəal iştirak  illəri kimi, onun ömür salnaməsinin ən coşqun və məhsuldar dövrü kimi artıq tarixə qovuşmuşdur.

Əmək bioqrafiyasında Bakıda yaşadığı və çalışdığı illər sanki 70 yaşın ərəfəsi, müdrik yaşa hesabat dövrü sayılır. Bu illərdə Məhəmmədhaqqı müəllim çalışdığı kollektivin nailiyyətlərinin artırılmasına öz bacarıq və  təcrübəsini sərf edərək əməkdaşlıq və rəhbərlik etdiyi müəssisənin nüfuzunun yüksəldilməsinə öz töhfələrini verməkdədir.

Yuxarıdakı kiçik bioqrafik qeydlər həssas, səmimi, kövrək və duyğusal bir insan olan Məhəmmədhaqqı müəllimin həyatının statistik təsviridir. Onu qəlbən, ruhən səciyyələndirmək üçün Haqqı müəllimin Azərbaycanın dövlətçiliyinə, tariximizə, musiqimizə və ədəbiyyata baxışlarına istinad etmək gərəkdir. Mən onu tanıyandan istedadlı şair Alim Məhərrəmovu tez-tez xatırlayır və bizə də xatırladırdı. Mən onun ürəyində dünyadan vaxtsız getmiş şair dostu Alim Məhərrəmovun açdığı şırımın sağalmaz izlərinin, Məmməd Arazın, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin Vətən ruhlu fəryadlarının, muğamlarımıza, aşıq musiqisinə bağlılığının dərin təzahürlərinin də şahidiyəm.Erməni işğalı illərində dəfələrlə məktəblilərin  vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə təşkil olunmuş tədbirlərdə Məhəmmədhaqqı müəllimin dilindən səslənən şeirlərdən heyrətləndiyimi necə gizlədim? Onun riyaziyyatçı təfəkkürü  daim  filoloji üst qata malik fəlsəfi bir donda özünü təzahür etdirirdi.Xalq şairi Musa Yaqubla sarsılmaz dostluğu, Musa müəllimin sağlamlığına qayğısı, yubileylərinin təşkili və keçirilməsində fədakarlıqlar…Onun çoxcəhətli vətənpərvər ziyalı obrazını tamamlayan cəhətlərdəndir.

70 yaş ömür çələnginin əlamətdar buğumudur. 

Yubileyin mübarək, əziz Məhəmmədhaqqı müəllim! 

Sorağın 80-dən, 90-dan, 100-dən gəlsin! Sağlam, cşaqraq gülüşlərin, müdrik təbəssümünlə!

Hüseyn Şahbəndəyev,
Əməkdar müəllim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью