Bukingem Sarayında təmir zamanı XIX əsrə aid əşyalar aşkarlanıb

14.09.2026

Icma.az, Azertag portalına istinadən məlumat verir.

London, 14 sentyabr, AZƏRTAC

Londondakı Bukingem Sarayında aparılan təmir-bərpa işləri zamanı XIX əsrin sonlarından etibarən müxtəlif dövrlərə aid əşyalar aşkarlanıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, tapıntılar arasında köhnəlmiş mismarlı çəkmələr və təxminən 140 il əvvələ aid qəzet parçası da var. Əşyaların vaxtilə sarayda çalışan əməkdaşlara məxsus olduğu ehtimal edilir. Tapıntılar Bukingem Sarayında həyata keçirilən 369 milyon funt sterlinqlik yenidənqurma işləri zamanı üzə çıxıb.Döşəmə taxtalarının altından, həmçinin bir neçə mərc kuponu, “Schweppes Still Malvern” mineral su şüşəsi, boş “Silk Cut” siqaret qutusu və 1963-cü ildə baş vermiş məşhur “Böyük Qatar Soyğunu” ilə bağlı həbs olunan dəstə haqqında qəzet məqaləsi tapılıb.

Sarayda hazırda 10 illik genişmiqyaslı təmir proqramı həyata keçirilir. Layihə kral ailəsinin rəsmi fəaliyyətlərini maliyyələşdirən “Sovereign Grant” vəsaitinin müvəqqəti artırılması hesabına maliyyələşdirilir. Təmir çərçivəsində köhnəlmiş elektrik kabelləri, qurğuşun borular, naqillər və qazanxana sistemləri dəyişdirilir. Onların bir çoxu son 60 ildə ilk dəfə yenilənir.

Aşkarlanan sənədlər arasında Kraliça II Elizabetin 1977-ci ildə taxta çıxmasının 25 illiyi münasibətilə keçirilən diplomatik qəbul üçün planlarını əks etdirən tədbir cədvəli də var.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью