Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 3 fevral, AZƏRTAC
Bülbülün Memorial Muzeyi mədəniyyət və musiqi təhsili müəssisələri ilə sıx əməkdaşlıq edir. Muzey müxtəlif musiqi məktəbləri ilə birgə tədbirlər təşkil etməklə, xüsusilə azyaşlı uşaqların mədəni asudə vaxtının səmərəli keçirilməsinə şərait yaradırıq.
Bu barədə AZƏRTAC-a açıqlamasında Bülbülün Memorial Muzeyinin direktoru Fərqanə Cabbarova bildirib.
Onun sözlərinə görə, muzeyin Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi, Şövkət Ələkbərova adına 20 nömrəli musiqi məktəbi və Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.
Direktor qeyd edib ki, muzeydə keçirilən tədbirlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, eləcə də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistləri çıxış edirlər.
Fərqanə Cabbarova bildirib ki, muzeyin il ərzində təxminən 4–5 min ziyarətçisi olur. Ziyarətçilərin əsas hissəsini məktəblilər və tələbələr təşkil etsə də, fərdi qonaqlar və xarici turistlər də az deyil. Ötən il muzeyi Rusiya, İran, ABŞ, Fransa və İtaliyadan gələn qonaqlar ziyarət ediblər.
“Bülbülün Memorial Muzeyində ekskursiyalar zamanı böyük sənətkarın ifaları səsləndirilir ki, bu da xüsusilə xarici qonaqların marağına səbəb olur. Muzeyi ziyarət edən qonaqlara Bülbülə həsr olunmuş kitablar, disklər və bukletlər hədiyyə edilir”, - deyə direktor deyib.