Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.
Almaniyanın “Verder” klubu komandanın baş məşqçisi Horst Şteffenin vəzifəsindən azad edildiyini rəsmən elan edib. Bu qərar Bundesliqada davam edən uzunmüddətli qələbəsizlik seriyasından sonra qəbul olunub.
İdman.Biz xəbər verir ki, Bremen təmsilçisi Bundesliqanın 20-ci turunda “Borussiya” (Mönhenqladbax) ilə 1:1 hesablı heç-heçə edib. Bu nəticə “Verder” üçün çempionatda ardıcıl 10-cu qələbəsiz oyun olub. Komanda sonuncu dəfə noyabrın 7-də qalib gəlib.
Horst Şteffen ötən yay “Elversberq” klubundan ayrılaraq “Verder”in baş məşqçisi təyin olunmuşdu. Onun rəhbərliyi altında Bremen klubu Bundesliqada 20 oyun keçirib, dörd qələbə qazanıb, yeddi dəfə heç-heçə edib və doqquz məğlubiyyət alıb.
Qələbəsizlik seriyası və turnir cədvəlindəki qeyri-sabit mövqe klub rəhbərliyini baş məşqçi dəyişikliyi ilə bağlı qərar verməyə vadar edib.