Bundesliqaya gedən azərbaycanlı: “Mahirlə danışığımız olmayıb”

03.02.2026

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva yeni klubu “Hamburq”da debüt edib. O, Bundesliqada “Frayburq”la matçda (0:2) meydana çıxıb.

Mirzəliyeva “Futbolpress.az”a açıqlamasında Almaniya klubuna keçidi və debütü haqda fikirlərini bölüşdü:

“Təklif menecerlərdən gəldi və bildirdilər ki, Bundesliqadan səni istəyirlər. Təbii ki, hər futbolçu kimi mən də böyük liqalarda oynamaq istəyirəm və razılıq verdim”.

Mirzəliyeva sabiq klubu “Zenit” ilə “Hamburq” arasında danışıqların bir ay əvvəldən başladığını bildirdi:

“Ötən il komandanın heyətində ən yaxşılardan idim və buna görə ayrılığım asan olmadı. Təxminən klublar arasında bir aya yaxın danışıqlar getdi. Düzü, klubların hansı şərtlər qarşılığında razılaşdığını bilmirəm. Amma sonra bir müddət əvvəl keçmiş klubum “Zenit” razılığın olduğunu və gedəcəyimi söylədi”.

Almaniyada kişi futbolçulardan ibarət Azərbaycan millisinin hücumçusu Mahir Emreli də çıxış edir. Mirzəliyeva “Kayzerslautern”də forma geyinən azərbaycanlı ilə danışmadığını qeyd etdi:

“Mahir uzun illərdir, Azərbaycan futbolunu Avropada təmsil edir. Ümid edirəm ki, digər futbolçularımız da bir gün davamlı ölkə xaricində qala bilərlər. Mahirlə danışığa gəlincə, onunla hansısa söhbətimiz olmayıb”.

Milli komandanın üzvü olan Nigar yığmanın martdakı dünya çempionatının seçmə mərhələsi oyunları haqda fikirlərini bölüşdü:

“Hər turnirdən öncə hədəflər böyük olur. Düşünürəm ki, bu seçmə mərhələdə uğurlu ola bilsək, davamı daha yaxşı gələcək”.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью