futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Çempionlar Liqasında qrup mərhələsinin ikinci turuna start veriləcək. Azərbaycan təmsilçisi “Sabah” Bakıda “Slaviya” ilə üz-üzə gələcək. Bakı Olimpiya Stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.
Milli komandanın sabiq məşqçisi Arif Əsədov matçla bağlı “Futbolpress.az“ın suallarını cavablandırdı:
– “Slaviya” ilə oyundan gözləntiləriniz nələrdir?
– “Slaviya” qalib gələ biləcəyimiz rəqiblərdəndir. Ancaq bu, asan olmayacaq, çünki onlar ölkələrinin çempionudurlar. Hazırda da turnir cədvəlində birinci sıradadırlar. İntizamlı komandadır, pressinq edə bilirlər. Bunlar “Sabah”a çətinlik yarada bilər.
– Fasilədən sonra “Sabah” “Neftçi”yə qarşı ağır oyun keçirdi. Sizcə, fasilə və bu görüş komandaya necə təsir edəcək?
– “Sabah”ın özünün oyun dəsti-xətti var. Milli komandaların oyunlarına görə yaranan fasilə templərinə təsir edə bilər. Amma düşünürəm ki, azarkeşlərin böyük dəstəyi ilə “Sabah”ın qələbə şansı yüksəkdir.
– Oyunun taleyini həll edə biləcək məqamlar nələrdir?
– Fikrimcə, həlledici məqam sistemlə bağlıdır. “Sabah” hazırda 4-2-3-1 ilə oynayır və orta xətdə yaradıcı futbola üstünlük verir. Rəqib isə 5-li müdafiədən istifadə edir. “Slaviya” cinahlardan, “Sabah” isə mərkəzdən irəli çıxır. Burada vacib məqam təmsilçimizin yarımmüdafiə xəttinin performansıdır. Yaxşı oynasalar və lazım olan anda sürətli hücuma keçə bilsələr, fərq yarada bilərlər.
Şahin Cəfərov