Bunlardan biri İrəvan, digəri isə Tiflis şəhər adlarıdır

05.06.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

"Dilimizin qorunması dövlət siyasətimizin tərkib hissəsidir. Bununla bağlı fikrimi qeyd etməli və vurğulamalıyam ki, cənab İlham Əliyevin çoxşaxəli fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin tarixi toponimlərimizin saxtalaşdırılmasına qarşı çıxışları zamanı işlətdiyi ifadələr hər kəsin yadındadır".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında Əziz Ələkbərli dedi.

Onun sözlərinə görə, bu, təkcə bir neçə toponimimizin tarixi adının bərpasına çağırış deyil, zaman-zaman saxtalaşdırılmaya məruz qalmış bütün tarixi toponimlərimizə yeni yanaşma metodudur:

"Bu baxımdan diqqəti daha iki tarixi toponimimizin düzgün yazılışı məsələsinə cəlb etmək istəyirəm. Həm də elə toponimlərə ki, onların saxtalaşdırılmış formada işlədilməsinə heç bir hüquqi əsas yoxdur. Bunlardan biri İrəvan, digəri isə Tiflis şəhər adlarıdır. Bir çox elmi mənbələrdə qeyd olunur ki, 1936-cı ildə İrəvan şəhərinin adı dəyişdirilərək Yerevan qoyulub. Mən Azərbaycan tarixşünaslığında bu məsələyə müəyyən dəqiqlik gətirmək istəyirəm. 1936-cı il avqustun 17-də SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri Mixail Kalininin imzası ilə yaşayış məntəqələrinin adlarının düzgün yazılışı haqqında qərar qəbul olunub. Həmin qərarla ikisi Abxaziyada, ikisi Acariyada, ikisi Türkmənistanda, 13-ü Gürcüstanda və biri Ermənistanda olmaqla, ümumilikdə 20 yaşayış məntəqəsinin adının yazılışına dəyişiklik edilib. Maraqlıdır ki, həmin qərarda bu 20 toponimdən yalnız üçünün adının ikili formada, yəni həm tarixi, həm də yeni variantda işlədilməsi məqbul hesab olunub. Onlardan biri Ermənistandakı İrəvan və ya Yerevan, ikincisi Türkmənistandakı Neftedağ və ya Nebit-Dağ, üçüncüsü isə Gürcüstandakı Tiflis və ya Tbilisi toponimləridir".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью