Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Sumqayıt” Misli Premyer Liqasında 31 turdan sonra 41 xalla 6-cı sıradadır. “Kimyaçılar” son turda “Araz-Naxçıvan”a son dəqiqə qolu ilə qalib gəlib – 2:1.
“Sumqayıt”ın futbolçusu Rayan Senhaci “Futbolpress.az“a açıqlamasında qələbəni şərh etdi:
“Oyunda çox yaxşı təsir bağışlamasaq da, xarakter göstərib qələbə qazandıq. Mövsümün sonlarında belə qalibiyyətlərə ehtiyac var. Düzdür, avrokuboklardan kənarda qaldıq və bu, məyusedicidir. Lakin həmişə motivasiyalı olmuşuq və uğursuz seriya yaxalasaq belə, geridönüş inamımız olub, çalışmışıq ki, vəziyyəti düzəldək”.
Müdafiəçi mövsümü də dəyərləndirdi:
“Qarşıda hələ iki oyun var. Ümumi götürəndə, qarışıq mövsüm keçdi. Yaxşı başladıq, sonra vəziyyət dəyişdi. Əvvəlcə avrokuboklara əsas iddiaçılardan idik, amma sonra uğursuz seriyamız başladı. Hər bir halda, bunlardan dərs çıxarmalıyıq”.
Senhaci Azərbaycan çempionatı haqda fikirlərini bölüşdü:
“Liqanın tempi məni təəccübləndirdi. Bəzi oyunlar çox yaxşı alındı. Yaxşı təcrübə qazandığımı düşünürəm. Düzdür. bəzi meydançalarda futbol oynamaq çətin oldu. Amma yenə də, Azərbaycan liqasını tanımaq imkanını qazanmaqdan məmnunam”.
Şahin Cəfərov