Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ölkə.az xəbər verir ki, bu, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilat rəhbəri tərəfindən müəyyən edilmiş səlahiyyətli struktur bölməyə (şəxsə), təşkilatın rəhbərinə, təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə, yaxud korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilə bilər.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın səlahiyyətli struktur bölməsi (şəxsi), təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsi istisna olmaqla digər vəzifəli şəxsləri ilə əlaqədar olduqda belə məlumata təşkilatın səlahiyyətli struktur bölməsi (şəxsi) baxır.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə (şəxslə) əlaqədar olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı müvafiq təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına təqdim etmək hüququna malikdir.
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların qəbul edilməsi və araşdırılması üçün səlahiyyətli struktur bölmə (şəxs) müəyyən edilərkən təşkilatın strukturu, işçilərinin say həddi, fəaliyyət istiqamətləri və iş həcmi nəzərə alınır.
Aşağıdakı hallarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verilir:
- məlumat verən şəxsin onun barəsindəki məlumatların konfidensiallığının səlahiyyətli struktur bölmə (şəxs), təşkilatın rəhbəri və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxs tərəfindən qorunmayacağına dair şübhəsi vardırsa;
- məlumatla əlaqədar sübutların itirilməsi, məhv edilməsi və ya oğurlanması riski vardırsa;
- məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmənin (şəxsin) həmin məlumatı qeydə almayacağı və ya nəticəsi barədə məlumat verməyəcəyi barədə əsaslı şübhələr vardırsa;
- araşdırma nəticəsində korrupsiya ilə əlaqədar hüquqpozma faktı öz təsdiqini tapsa da, həmin fakt üzrə hər hansı tədbir görülməmiş və ya hüquqpozmanın nəticəsi aradan qaldırılmamışdırsa;
- məlumatı qəbul edən subyektlər, o cümlədən səlahiyyətli struktur bölmə (şəxs) tərəfindən müvafiq araşdırma aparılmırsa və ya bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş müddətlərdə məlumat verən şəxsə işin gedişi və nəticəsi barədə məlumat verilmirsə;
- məlumatı qəbul edən subyektlərin, o cümlədən səlahiyyətli struktur bölmənin (şəxsin) araşdırmanın nəticəsində birbaşa və ya dolayı yolla hər hansı marağı, yaxud onların müstəqilliyinə, obyektivliyinə və ya qərəzsizliyinə şübhə yaradan digər əsaslı səbəblər vardırsa;
- məlumat verən şəxslə təşkilat arasındakı əmək müqaviləsi, mülki-hüquqi müqavilə və ya digər əsaslar üzrə münasibətlərə xitam verilmişdirsə.
Məlumat verən şəxs öz seçimi ilə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış prokurorluq orqanına verə bilər.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin oktyabrın 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.
Mürtəza