futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Sabah” Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda “KuPS”a qalib gəlib – 2:0.
“Bayquşlar”ın futbolçusu Rəhman Daşdəmirov matçdan sonra “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Qələbəni necə şərh edərdin?
– Çətin oyun olacağını bilirdik. İlk matçda çoxlu qol fürsətləri yaratsaq da, yalnız bir dəfə fərqlənə bilmişdik. Rəqibin cavab görüşündə bizə çətinlik yaradacağını bilirdik. Buna uyğun hazırlaşmışdıq. Üstəlik, süni örtüklü meydançada oynadıq və bu, bizə çətinlik yaratdı.
– Komanda ilk hissədə yaxşı təsir bağışlamadı, ancaq fasilədən sonra oyununuzda dönüş edə bildiniz. Bu, nə ilə bağlı idi?
– Oyunun ilk dəqiqələri bizim üçün çətin keçdi. Lakin sonradan komanda olaraq toparlandıq və üstünlüyü ələ aldıq. İkinci hissədə isə lazım olan qolları vurub, növbəti mərhələyə qələbə ilə vəsiqə qazandıq. Qalib gəldiyimizə görə şadıq. Fürsətdən istifadə edib, uzaq səfərdə komandamızı tək qoymayan azarkeşlərimizə də təşəkkür edirəm.
– Tarixinizdə ilk dəfə iştirak etdiyiniz Çempionlar Liqasında 4 qələbə qazanmısınız. Uğurun sirri nədir?
– Uğurun sirri komanda olaraq bir olmağımızdır. Klubda olan hər kəs bir amal üçün çalışır – qələbə. Hər birimiz öz üzərimizə düşən işi tam olaraq yerinə yetirməyə çalışırıq. Bunun bəhrəsini gördüyümüz üçün çox sevinirəm.
– Növbəti rəqib böyük ehtimalla Polşa təmsilçisi “Lex” olacaq. Gözləntilər nədir?
Bizi kifayət qədər güclü komanda ilə iki çətin oyun gözləyir. “Lex” kifayət qədər köklü klubdur. Bu komanda ilə oyunlar maraqlı olacaq. İnanıram ki, azarkeşlər gözəl oyunların şahidi olacaqlar. Biz isə əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə adlayaq.
Şahin Cəfərov