Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Azərbaycanda vahid məktəbli formasının tətbiqini dinə qarşı mövqe kimi təqdim edənlər Azərbaycanın müstəqilliyinə və suverenliyinə təzyiq göstərənlər hesab edilməlidir. Bu, istər İran, istərsə də Türkiyə olsun, fərq etmir".
Bunu Milli.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan xalqı dini öz milli dəyərləri və dünyagörüşü çərçivəsində qavrayıb:
"Biz dini məhz azərbaycanlı kimi qavramışıq. Hər bir xalq İslamı, onun fəlsəfəsini öz milli dəyərləri, milli mentaliteti və mənəviyyatı kontekstində mənimsəyir və dərk edir. Bizim də dinə münasibətimiz əsrlər boyu formalaşıb. Ona görə də indi kimsə bizim dini dünyagörüşümüzü, İslama münasibətimizi öz baxışları kontekstində dəyişdirməyə çalışırsa, bu, mümkün deyil. Bu, adi bir həqiqətdir".
H.Babaoğlu qeyd edib ki, Türkiyədə bu məsələyə münasibətə yenidən baxılması məqsədəuyğun olardı:
"Yaxşı olar ki, qardaş Türkiyədə bunu dərk etsinlər və atdıqları addımların səbəbləri barədə özlərinə hesabat versinlər. Çünki bu, Türkiyə-Azərbaycan münasibətlərinə çox böyük ziyan vura bilər.
İrana gəldikdə isə, Türkiyədən fərqli olaraq, İran bunu məqsədyönlü şəkildə, bilərəkdən edir. Gənc nəslin, şagirdlərimizin hələ tam formalaşmamış təfəkkürünü təsir altına almağa çalışır. Bu təsirin məqsədi onların düşüncəsinə din əvəzinə fars şovinizmini yerləşdirməkdir. İstəyirlər ki, böyüyən yeni nəsil ömrü boyu fars şovinizmini din, İslam kimi qəbul etsin və fars ideologiyasının əsirinə çevrilsin".
Deputatın fikrincə, hər iki tərəfin bu məsələdə mövqeyi haqsızdır və belə yanaşmalara qətiyyən yol verilməməlidir:
"İranın mövqeyi isə qərəzli və məqsədyönlüdür. Bunun İslamla heç bir əlaqəsi yoxdur. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti bu istiqamətdə lazımi addımları atmalıdır. Bütün maarif institutlarımız, möminlərimiz və dindarlarımız da məsələnin mahiyyətini vətəndaşlarımıza, möminlərimizə izah etməlidirlər".
Müəllif: Mina Mikayılova