525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Əhalinin real gəlirlərinin daha sürətli artması üçün iqtisadi artımın sürətlənməsi vacibdir. Hazırda qeyri-neft-qaz sektorunda artım zəif olsa da, davam edir, xüsusilə informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, kənd təsərrüfatı və qeyri-neft-qaz sənayesində müsbət dinamika müşahidə olunur. Bu sahələrin genişlənməsi yeni iş yerlərinin yaranmasına və özəl sektorda əməkhaqlarının yüksəlməsinə şərait yarada bilər".
İqtisadçı ekspert Akif Nəsirli bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, yüksək inflyasiya əməkhaqqı artımının əhali tərəfindən hiss olunmasını məhdudlaşdırır. Xüsusilə ərzaq qiymətlərinin ümumi inflyasiyadan daha sürətlə artması aztəminatlı ailələrin büdcəsinə daha ciddi təsir göstərir. Yanvar-iyul aylarında ərzaq məhsullarının qiyməti 6,8 faiz yüksəlib:
"Buna görə qarşıdakı dövrdə əməkhaqlarının artım tempinin ən azı 7-8 faiz səviyyəsində qorunması, hətta daha yüksək artımın təmin edilməsi əhalinin real gəlirlərinin yaxşılaşması baxımından mühüm olacaq. Əgər inflyasiya 5-6 faiz ətrafında qalarsa, əməkhaqlarının 10-15 faiz artırılması real gəlirlərdə daha nəzərəçarpan artım yarada bilər".
Sevinc Qarayeva